Azərbaycanlı nazirlərin bahalı xidməti avtomobil iştahı
Azərbaycanlı nazirlərin bahalı xidməti avtomobil iştahı

Uruqvay prezidenti bizim oliqarxlara necə dərs verdi?

Bu yaxınlarda Azərbaycan parlamenti komitə sədrlərinin xidməti maşınlarını yenilədi. Milli Məclisdə 11 komitənin sədrinə "Mercedes E-Class" verildi.
Komitə sədri Hadı Rəcəbli jurnalistlərə açıqlamasında bildirdi ki, əvvəlki maşınları "Nissan Maxima" olub. Həmin maşınların istismar müddəti 7 il öncə bitib. Onların taleyinin necə olacağı məlum deyil.
Bildirək ki, "Mercedes E-Class" minimum təchizatla Almaniyada 40 min manata satılır. Həmin markalı maşının yüksək təchizatlısı isə 140 min manatadır.
Sabiq deputat, iqtisadçı Nazim Məmmədov isə o vaxt maraqlı bir məqama toxundu. Dedi ki, ölkəyə gələn neft pulları artdıqca dövlət nümayəndələrinin xidməti avtomobillərinin qiyməti də qalxır. Baxmayaraq ki, dövlət nümayəndələrinə bahalı xidməti avtomobillərin alınması ictimaiyyət, ac, işsiz, yoxsul əhali tərəfindən yaxşı qarşılanmır.
Qeyd edək ki, ayrı-ayrı dövlətlərdə xidməti maşınlardan istifadə ilə bağlı qaydalar fərqlidir. Məsələn, Rusiyada məmurların xidmətlərinə yalnız yerli istehsal olan avtomobillər verilir. Gürcüstanda xidməti avtomobillər üçün ayrılan maksimum məbləğ 16 mindən yuxarı ola bilməz. Estoniyada dövlət avtomobil şirkətlərindən xidməti maşınları icarəyə götürür.
Xidməti avtomobillərlə bağlı sual doğuran məqamlardan biri də dövlət qulluqcularının xidməti maşınlarının markalarının rəngarəngliyidir. Nazirlər "BMW-745", parlamentin komitə sədrləri, "Mercedes E-Class", dövlət komitələrinin rəhbərləri, rəhbər müavinləri xidməti avtomobil kimi "Nisan", "Hyundai" sürürlər.
İndi isə gəlin müqayisələrə baxaq. "Unikal"ın araşdırmaları zamanı aydın oldu ki, dünyanın ən fövqəldövləti olan ABŞ-da Nyu-York kimi nəhəng, varlı və bahalı şəhərin meri metrodan istifadə edir. Başqa bir varlı, dünyanın siyasi və iqtisadi mərkəzlərindən sayılan İngiltərə paytaxtı Londonun meri isə velosipeddən yararlanır. Hansı ki, onlar nüfuzlarına, səlahiyyətlərinə, çəkilərinə görə bizim oliqarx-məmurlarımızdan qat-qat öndədirlər.
Və yaxud, internetdə araşdırma apararkən başqa bir ibrətamiz faktı əldə etdik. Məlum oldu ki, Uruqvay prezidenti Xose Muxika 2009-cu ildən bəri mötəbər post tutmasına baxmayaraq, bizim nazirlərdən fərqli, dəbdəbəli həyat sürmür. Prezident həyat yoldaşı ilə köhnə kənd evində yaşayır. Xeyirxah prezident aldığı 12 min dollar aylıq əməkhaqqının 90 faizini kasıb insanlara bağışlayır. Ən ilginci - onun avtomobili də 87-ci il model "Volkswagen"dir. Qiyməti isə nə qədər olsa, yaxşıdır? Cəmi 1800 dollar!
Fikrimizcə, hər hansı əlavə şərhə ehtiyac yoxdur. Azərbaycan nazirlərinin, komitə sədrlərinin və digər vəzifəlilərinin bahalı xidməti avtomobil ehtirasına bundan daha yaxşı hansı cava tapmaq olardı ki?!

Azər Aslan