"Seçicilərin seçkiyə yanaşma tərzi bir qədər fərqli olub"
"Seçicilərin seçkiyə yanaşma tərzi bir qədər fərqli olub"

Rəfail Becanov: "Böyük partiya hesab edilən siyasi qurumların dövlət maliyyələşməsindən kənarda qalması yaxşı hal deyil"

Qarşıdan gələn prezident seçkilərindən öncə ölkədəki siyasi qurumların durumu, onları resursları və sıravi seçicini hüquqi səviyyəsi barədə suallarımızı QHT Əməkdaşlıq Alyansının həmsədri Rəfail Becanov cavablandırır.

-Rəfail müəllim, əvvəlcə həmsədri olduğunuz QHT barədə oxucularımızı məlumatlandırmağınızı istərdik...
-Mənim də həmsədri olduğum QHT Əməkdaşlıq Alyansı özündə 51 QHT-ni birləşdirir. Təşkilatın üç həmsədri var - Yadigar Məmmədli, Rufiz Qonaqov və mən. Təmsil etdiyim qurum qarşıdan gələn prezident seçkilərinin monitorinqini təşkil edəcək. Azərbaycanda ən önəmli hadisələrdən biri prezident seçkiləridir və bu seçkilər bütünlükdə Azərbaycan cəmiyyətinin inkişafına adekvat bir prosesdir, yəni ölkədə demokratik təsisatların möhkəmlənməsi, azadfikirliliyin formalaşması və ümumiyyətlə, bütün cəmiyyətin inkişafı baxımından çox əhəmiyyətlidir. Və biz istərdik ki, ölkə daxilində fəaliyyət göstərən bir vətəndaş cəmiyyəti strukturu olaraq Azərbaycanda ilk dəfə prezident seçkilərinin monitorinqini aparaq. Bu monitorinq isə qısa bir müddət üçün nəzərdə tutulmuş bir prosedur deyil. Prezident seçkilərinin monitorinqi uzun müddət üçün nəzərdə tutulmuş tədbirlər silsiləsidir. Bu tədbirlər silsiləsi həm seçkiöncəsi, həm seçki zamanı, həm də seçkilərdən sonrakı vəziyyəti araşdırmaq, öyrənmək və müfaviq nəticələr çıxartmağı ehtiva edir. Müxtəlif xarici təşkilatlar indiyədək Azərbaycanda belə monitorinqlər təşkil ediblər. Amma bütün hallarda həmin monitorinqlər qısamüddətli olması ilə yadda qalıb. Bunu da etiraf etməliyik ki, həmin monitorinqlərin elan edilmiş nəticələri bəzən siyasi maraqların nəticəsi kimi meydana çıxıb. Onlar ən yaxşı halda dörd-beş aylıq monitorinq prosesi olub. Biz bu ilin noyabr ayının əvvəlində QHT Əməkdaşlıq Alyansı olaraq bir mətbuat konfransı keçirtdik və bu konfransda qurumun fəaliyyətinə start verildi.
-Eşitdiyimizə görə, sizin qurum həm də ölkədəki siyasi partiyaların da monitorinqini təşkil etməyə başlayıb. Bu monitorinqin təşkilində məqsədiniz nədir?
-Seçki monitorinqi təkcə siyasi partiyaların monitorinqi deyil. Biz ilk növbədə çalışacağıq ki, ölkədə hazırda fəaliyyətdə olan siyasi partiyaların resurslarını araşdıraq. Bu monitorinq də uzunmüddətli bir monitorinq olacq və bu zaman seçkinin subyekti olan siyasi partiyalardan tutmuş perspektivdəki namizədlər, namizədlərin reytinqləri, onların seçkilərə ümumiyyətlə münasibəti və s. məsələlər müşahidə altına götürüləcək. Amma ilkin mərhələdə siyasi partiyaların siyasi-sosial resurslarını araşdırmağa başlamışıq. İndiki mərhələdə hələ ki onların siyasi fəaliyyətini analiz eləmək fikrində deyilik. Bu, birinci növbədə onunla izah olunur ki, bu mərhələyə hələ ki çatmamışıq. Seçkilərin ən aktiv subyektlərindən biri olan partiyaların siyasi resurslarını araşdırmaq üçün seçkilərə maraq göstərən və yaxud seçkilərdə fəal şəkildə iştirak etməyi planlaşdıran siyasi qurumlara müraciətimiz oldu. Biz QHT olaraq bu qurumlara müəyyən suallar yazılmış anketlər təqdim eləmişik. Anketlərdə, təqribən, yeddi sual öz əksini tapıb və bu suallar partiyaların ümumi üzvlərinin sayı, maliyyələşmə vəziyyəti, partiyaların rayon şöbələrinin sayı, təəssübkeşlərinin miqdarı, özək təşkilatlarının sayı və ölkəni bütünlükdə hansı formada əhatə eləmələrini ifadə edib. Hal-hazırda bu proses davam edir. Demək olar ki, bir neçə partiya anketləri doldurub bizə göndərib. Biz indidən gəldiyimiz ilkin nəticələri açıqlamaq istəmirik. Amma ümumiyyətlə onu deyə bilərik ki, müraciət etdiyimiz siyasi partiyalar hələ ki bu prosesə müsbət şəkildə yanaşırlar və bizimlə əməkdaşlıq etmək meyli nümayiş etdirirlər. Və biz hesab edirik ki, bu monitorinq təkcə Azərbaycan cəmiyyəti üçün deyil, elə siyasi partiyaların özləri üçün də maraqlı olacaq. Ən sonda bizim qurum siyasi partiyaların resursları barədə obyektiv nəticələri Azərbaycan cəmiyyətinə açıqlayacaq. Ona görə də partiyaların özləri də bu prosesin baş tutmasında maraqlı görünürlər. Onlar bizim onlara ünvanladığmız anketləri və müraciətləri operativ şəkildə doldurub bizə qaytarırlar. Hazırda bir neçə partiya doldurduğu anketləri artıq bizə göndərib. Anketlər ekspertlər qrupuna təqdim edilib və hazırda analiz prosesi getməkdədir. Və təbii ki, alternativ digər qurumların da cavablarını gözləyirik.
-Klassik standartlar baxımından yanaşanda ölkədəki siyasi qurumların güclü və zəif tərəfləri hansılardır? Qabaqcıl ölkələrdəki partiyalarla bizim partiyaları müqayisə etməyin yeri varmı?
-Bilirsiniz, bu məsələ o baxımdan bir az çətin məsələdir ki, bizdə çoxpartiyalı sistem hələ ki yenicə formalaşmağa başlayıb. Düzdür, deyə bilərik ki, siyasi müstəqilliyimizin iyirmi bir illik tarixi var. Amma bu, ikiyüz illik və yaxud üç yüz illik siyasi sistem tarixi olan ölkələrdəki partiyaların fəaliyyəti ilə müqayisəyə gələ bilməyəcək bir müddətdir. Yəni siyasi zaman baxımından iyirmi bir ilə çox da zəngin bir dövr deyil. İstənilən halda bizim siyasi partiyaları Birləşmiş Ştatlardakı və yaxud Yaponiyadakı, hətta İrandakı siyasi qurumların fəaliyyəti ilə də müqayisə eləmək mümkün deyil. Amma, tutaq ki, keçmiş sovet məkanındakı siyasi qurumlarla müqayisə eləsək, bizdəki siyasi partiyaların bir sıra üstünlükləri və zəif tərəfləri ortalığa çıxır. Düzdür, obyektiv və subyektiv səbəblər üzündən bu siyasi qurumların müəyyən çətinlikləri mövcuddur. Əsas çətinliklər isə maliyyələşmə ilə bağlıdır. Təbii ki, ölkədəki partiyaların daha real vəziyyətini bu monitorinqin nəticələri ortalığa çıxandan sonra biləcəyik, amma Azərbaycan cəmiyyətində formalaşmış ilkin müşahidə və ilkin fikir belədir.
-Milli Məclis parlamentdə təmsil edilmiş siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi barədə qanun qəbul edib. Amma heç kimə sirr deyil ki, ölkənin nisbətən iri siyasi müxalif qurumları - AXCP, Müsavat Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası bu qanundan bəhrələnə bilməyəcək. Sizcə, bu cür yanaşma nə dərəcədə ədalətlidir?
-Təbii ki, ilkin baxışdan görünən budur. Amma istər dövlət rəsmilərinin, istərsə də müxalifət qurumlarının təmsilçiləri açıqlamaları göstərir ki, perspektivdə bu qanun layihəsi yenidən nəzərdən keçirilə bilər. Güman edirəm ki, gələcəkdə daha uyğun, daha çevik və günümüzün tələblərinə cavab verən bir qanun qəbul ediləcək. Əlbəttə, böyük partiya hesab edilən siyasi qurumların dövlət maliyyələşməsindən kənarda qalması yaxşı hal deyil. Amma indiki reallıq da budur ki, Milli Məclisdə qəbul edilmiş qanun orada təmsil edilmiş partiyaların seçki baryerini keçə bilməsi əsasında işləyəcək. Güman edirəm ki, haçansa bu məsələyə yenidən baxılacaq. Bizim müşahidələrimizə görə, dövlət rəsmiləri də bu qənaətdədirlər. Ona görə də hesab edirəm ki, istər parlamentdə təmsil edilmiş siyasi qurumlar, istərsə də parlamentdən kənarda qalmış müxalifət qurumları ölkədə disbalansın yaranmasını istəməzlər. Buna görə də hesab edirəm ki, bu vəziyyətin "redaktə" edilməsi üçün dövlət səviyyəsində müəyyən addımlar atılacaq. Bu həm ölkəmiz, həm də ölkə ictimaiyyəti üçün əhəmiyyətli olacaq.
-Mənim müşahidələrimə görə, üzərində ən az iş gedən subyekt sıravi seçicidir. Seçkiqabağı kampaniyalarda partiyalar seçicini öz maraqları baxımından "emal" etməyə çalışırlar, təbliğat bu yöndə qurulur və seçicinin ümumi səviyyəsi onları maraqlandırmır. Sizcə, bu boşluğu doldurmaq üçün nələri etmək lazımdır və bunları kim etməlidir?
-Bu məsələdə əsas missiya, təbii ki, siyasi partiyaların, seçkilərə maraq göstərən subyektlərdən əlavə həm də vətəndaş cəmiyyəti institutlarının üzərinə düşür. Yəni vətəndaş cəmiyyəti strukturları seçicilərin maarifləndirilməsinə çox önəm verməlidirlər. Müəyyən qüsurlarla bu proses indiyə qədər də aparılıb. Bizlərlə müqayisədə seçicilərin seçkiyə yanaşma tərzi bir qədər fərqli olub. Yəni bir neçə illər öncə sıravi seçici adicə hüquqlarını bilmirdisə, indi, ən azından, bunu bilir ki, istədiyi namizədə sərbəst şəkildə səs vermək hüququ var. Hazırda sıravi seçici namizədlərin dediklərinə, təbliğat üsullarına daha çox diqqət yetirməyə başlayıb və onu aldatmaq elə də asan iş deyil. Bu səviyyənin artırılmasında vətəndaş cəmiyyəti daha maraqlı olmalı və daha çox iş görməlidir. Biz ölkənin ümumi inkişafına nail olmaq və vətəndaş cəmiyyəti formalaşdırmaq istəyiriksə, seçicilərin maariflənməsini prioritet fəaliyyət istiqaməti seçməliyik.
Söhbətləşdi: Savalan