Müsavatdan demarş: "Sərdar Cəlaloğlu Siyavuş Novruzovun adamıdır"
Müsavatdan demarş: "Sərdar Cəlaloğlu Siyavuş Novruzovun adamıdır"

Sərdar Cəlaloğlu: "İsa Qəmbərlə kirvə olub öz övladının qanını onun ətəyinə tökmüş Sülhəddin Əkbər bu gün haradadır və İsa Qəmbərlə münasibətləri necədir?"

Müsavat başqanının müavini Gülağa Aslanlı ADP sədri Sərdar Cəlaloğlunun Müsavat Partiyasının Azərbaycanda Ermənistanın maraqlarına xidmət etməsi ilə bağlı səsləndirdiyi ağır ittihamlara cavab verib. Partiya rəsmisi öz açıqlamasında S.Cəlaloğlunun dedikərini şər-böhtan adlandıraraq, onu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzova işləməkdə günahlandırıb. G.Aslanlının sözlərinə görə, Sərdar Cəlaloğlu Siyavuş Novruzov kimi eyni qüvvələr tərəfindən idarə olunur.

"Sərdar Cəlaloğlu vaxtıilə hakimiyyətin süpürgəçisi ilə də danışıqlara
getməyə hazır idi"

"Sərdar Cəlaloğlu son zamanlar özünün mövcudluğunu Müsavat Partiyası və İctimai Palataya qarşı yönəlik tənqidi və şər-böhtan xarakterli çıxışları ilə hiss elətdirmək istəyir. Artıq Siyavuş Novruzovla Sərdar Cəlaloğlu arasında fərq getdikcə itməkdədir. Hər ikisi eyni qüvvələrə xidmət edirlər. Onların çıxışları eyni rəhbərlikdən idarə olunan çıxışlardır. Onlar Müsavat Partiyasına şər atmaqla məşğul olurlar. Müsavat Partiyası hər zaman Azərbaycanın mənafeyinə uyğun olan və düzgün bildiyi addımlar atır. Partiyamızın hakimiyyətlə hər hansı işbirliyi və hakimiyyətdən maliyyə almasına dair heç kimin əlində fakt ola bilməz. Sadəcə, Sərdar Cəlaloğlu vaxtıilə hakimiyyətin süpürgəçisi ilə də danışıqlara getməyə hazır olduğunu bildirmişdi. Hakimiyyət onu qəbul eləmədi. İndi bu yola əl atıb ki, hakimiyyətə yaxınlaşsın", - deyə G.Aslanlı bildirib.

"Sərdar Cəlaloğlu
artıq müəyyənləşdirməlidir ki, müxalifətin
yanındadır, yoxsa
Siyavuş Novruzovun"

Müsavat funksioneri deyib ki, başqan İsa Qəmbər mətbuata verdiyi müsahibədə Sərdar Cəlaloğlunun və onun rəhbərlik etdiyi partiyanın adını çəkməyib. G.Aslanlının fikrincə, ADP sədrinin İsa Qəmbərin çıxışına belə sərt reaksiya verməsi onun iç üzünü ortaya qoyur:
"İsa Qəmbər özünün müsahibəsində Sərdar Cəlaloğlunun və yaxud da ADP-nin adını çəkməyib. Amma belə görünür ki, İsa Qəmbər hədəfə düz vurub. Sərdar Cəlaloğlu əgər soğan yeməyibsə, niyə göynəyir? Hamı Müsavat Partiyasını da, İsa Qəmbəri də yaxşı tanıyır. Sərdar Cəlaloğlunun bu fikirləri onun özünə qarşı yönələcək. Sərdar Cəlaloğlu artıq müəyyənləşdirməlidir ki, müxalifətin yanındadır, yoxsa Siyavuş Novruzovun".
Xatırladaq ki, Müsavat başqanı İsa Qəmbər "Yeni Müsavat" qəzetinə verdiyi müsahibəsində bildirib ki, Azərbaycanda fəaliyyət göstərən bəzi müxalifət partiyaları xaricdən maliyyələşir, bəziləri isə yerli hakimiyyət tərəfindən nəzarətdə saxlanılır. İsa Qəmbərin bu çıxışına etiraz edən ADP sədri Sərdar Cəlaloğlu öz açıqlamasında Müsavat Partiyasının da hakimiyyət tərəfindən maliyyələşdirildiyi haqda məlumata malik olduğunu qeyd edib. Həmçinin S.Cəlaloğlu Müsavat Partiyasını Ermənistanın maraqlarına xidmət etməkdə də günahlandırıb.
ADP sədri Sərdar Cəlaloğlu sözügedən məsələ ilə bağlı "Unikal"a bildirdi ki, "İsa bəylə aramızda başlayan polemika müxalifətin prezidentliyə vahid namizədi problemi ilə bağlıdır. Müsavatın başqanı mətbuata açıqlamasında bildirib ki, müxalifətdən prezidentliyə daha kiminsə namizədliyi irəli sürüləcəksə, deməli, o adam iqtidarın maraqlarına xidmət edir. Bu məntiq mənə çox əcaib göründü. Belə ki İsa Qəmbərin ən yaxın siyasi müttəfiqi hesab edilən AXCP sədri Əli Kərimli sabah prezidentliyə namizədliyini elan edəcəksə, deməli, o da iqtidarın maraqlarına xidmət etmiş olacaq? Və yaxud sabah Mirmahmud Mirəlioğlu, Lalə Şövkət və yaxud Rəsul Quliyev də prezidentliyə namizədlik iddialarını ortalığa qoysalar, onları da İsa Qəmbərin tərtib etdiyi "İqtidarın maraqlarına xidmət edənlərin siyahısı"na salmalıyıq?
Hesab edirəm ki, bu açıqlama siyasi savadsızlıqdan deyil, xofdan irəli gəlir. İsa Qəmbər hiss edir ki, sözügedən siyasətçilərdən çox da güclü deyil və ona görə də indidən bu cür qısqanclıq ifadə edən açıqlamalarla çıxış edir".
Sərdar Cəlaloğlu Siyavuş Novruzov məsələsi ilə bağlı bildirdi: "Siyavuş Novruzovla mən Babək rayonunun Cəhri kəndindənik. O, uzaq qohumumuzdur, daha doğrusu, atamın bibisi nəvəsidir. Və mən anlaya bilmirəm ki, qohumluğun siyasətə nə dəxli var? İsa Qəmbərlə kirvə olub övladının qanını onun ətəyinə tökmüş Sülhəddin Əkbər bu gün haradadır və İsa Qəmbərlə münasibətləri necədir? Hansısa qohumluğun siyasətə dəxli olmasını iddia etmək patriarxal təfəkkür sahiblərinin peşəsidir. Heydər Oğuz mənim dayıoğlumdur və hazırda Rəsul Quliyevin komandasındadır. Mənimsə siyasətçi Rəsul Quliyevə münasibətim məlumdur. Belə söhbətlər siyasi naşılığın bəhrəsidir".
Savalan