19 Oktyabr 2019
18 Oktyabr 2019
Ermənistanın cırtdan dövlətlər siyasəti
Ermənistanın cırtdan dövlətlər siyasəti SİYASƏT 13:09 2012-11-21

Ermənistanın cırtdan dövlətlər siyasəti
Ermənistanın cırtdan dövlətlər siyasəti

Başqa bir ölkədən Qarabağ qətnaməsi

Ermənistan Dağlıq Qarabağın müstəqil bir dövlət olaraq tanınması üçün başladığı kompaniyanın əhatəsini genişləndirir. ATƏT-in Minsk qrupunun apardığı danışıqların səmərəsizliyini təmin edən Ermənistan bunun qarşılığında bir neçə istiqamətdə fəaliyyətə başlayıb. Avropa ölkələrində dağlı Qarabağ günlərinin təşkilindən tutmuş, müxtəlif mədəni tədbirlər təşkil edən düşmən ölkə bununla sadəcə olaraq cəmiyyətdə rəy formalaşdırır.

Sözsüz ki, rəy formalaşdırması başa çatandan sonra ikinci mərhələ olaraq Dağlıq Qarabağın müstəqil ölkə olaraq tanınması prosesinə də start verəcəklər. Amma bununla paralel olaraq Ermənistan maraqlı başqa bir xətdə tutub. Belə ki, Ermənistan diplomatiyası Azərbaycanla siyasi və iqtisadi əlaqələri olamayan dövlətlərlə bir başa əlaqələr qurmağa başlayıb və bu əlaqələrin əsas məqsədi Dağlıq Qarabağı tanıtmaqdır. Bununla yanaşı Ermənistan həm də üçüncü , dördüncü dərəcəli cırtdan dövlətlərlə də əlaqələrini intensivləşdirir. Bunun nəticəsi olaraq bir neçə gün öncə Uqanda Respublikasının parlament sədri Dağlıq qarabağa səfər etdi. İndi isə növbəti təhlükə Avstraliyadan gəlir. Amma bu dəfə Azərbaycan tərəfi deyəsən ləngimək istəmir. Belə ki, Avstraliya -Azərbaycan Türk Dostluq Qrupu Avstraliyanın Yeni Cənubi Uels ştatı parlamentinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki separatçı qurumu müstəqil dövlət kimi tanımasına qarşı imzatoplama kampaniyasına başlayıb. "Zaman-Avstraliya" qəzetinin baş redaktoru Enes Cansevərin verdiyi məlumata görə, qrup topladığı imzaları iqtidar və müxalifət partiyalarının ştat parlamentindəki fraksiyalarına göndərəcək.
Dostluq qrupunun rəhbəri İmadəddin Qasımov Azərbaycanlı və Türkiyəlilərin Avstraliyadakı bütün dərnək və cəmiyyətlərinə kampaniyaya dəstək üçün müraciət etdiklərini və eyni məzmunlu qətnamənin Avstraliya parlamentində qəbulu ehtimalına qarşı çalışacaqlarını bildirib: "Yeni Cənubi Uelsdə yaşayan Türkiyə və Azərbaycan icmalarının millət vəkili Marie Fikarra tərəfindən hazırlanan "Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin 20-ci ildönümü Bəyannaməsi" adlı qətnaməyə qarşı etirazları davam edəcək". (Xatırladaq ki, Yeni Cənubi Uels ştatı parlamentinin yuxarı palatasının qəbul etdiyi qətnamədə ölkə parlamentinə də separatçı rejimi tanımaq çağırışı yer alıb).
Qətnamənin Avstraliya dövlətinin "DQR" adlanan saxta qurumu tanıdığı şəklində təqdim olunduğunu söyləyən İ. Qasımov bunların yalan və provokativ xəbərlər olduğunu deyib. O qeyd edib ki, BMT Dağlıq Qarabağı Azərbaycan ərazisi olaraq tanıyır və işğalçı qüvvələrin çıxarılması yönündə 4 qətnamə qəbul edib: "Azərbaycan çoğrafi baxımdan Avstraliyaya uzaq olduğu üçün buradakı parlamentarlar bölgədəki durumu bilmirlər. Qarabağla bağlı qərar qəbul olunarkən problemin keçmişi və bugünü öyrənilməlidir".
İ. Qasımov erməni lobbisinin Avstraliyanın Azərbaycan və Türkiyə ilə dostluğuna zərbə vurmaq istədiyini də əlavə edib.
Qeyd edək ki, Azərbaycan XİN Yeni Cənubi Uels ştatı parlamentinin qərarı ilə əlaqədar Avstraliyaya etiraz notası göndərib. Avstraliya hökuməti notaya cavabında Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirib.
Maraqlıdır, bəs bu cür dövlətlərin Dağlıq Qarabağı müstəqil subyekt kimi tanıması hansı təhlükələrlə sona çata bilər? Ekspertlər bildirir ki, əslində bu tip ölkələr regionda heç bir təsirə sahib deyillər və onların çıxartdığı qərarın heç bir nəticəyə təsiri yoxdur. Yəni bu problem artıq BMT, ATƏT səviyyəsində dartışılan bir məsələdir və məsələnin həllində, Dağlıq Qarabağın müstəqil subyekt kimi tanınmasında əsas söz qərbin, ABŞ-in və Rusiyanındır. Yəni onların prosesə hansısa formada müdaxiləsi yoxdursa, cırtdan ölkələrin qərarları önəmsizdir. Amma buda vurğulanır ki, bu məsələyə də biganə yanaşmaq olmaz. Çünki Ermənistan sadəcə olaraq bu qərarları bir araya toplamaqla gələcək üçün saxta siyasət və diplomatiya yaradır. Yəni 30-40 ildən sonra beynəlxalq aləmə elan oluna bilər ki, bu qədər dövlət Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıyıb. Buna görə də hesab edilir ki, cırtdan ölkələrdə Azərbaycanın diplomatik missiyası və lobbisi olmadığından məsələyə Türkiyə də cəlb olunmalıdır.

Mehdi Əli