İki ölkə münasibətlərində ki, fasilə
İki ölkə münasibətlərində ki, fasilə
Bu fasilə yox, diplomatik münaqişədir

Rusiya - Azərbaycan münasibətləri artıq politoloqlar tərəfindən də ciddi təhlil edilməkdədir. Aparılan araşdırmalar göstərir ki, iki ölkə arasında bir sıra məsələlərdə ciddi fikir ayrılıqları var və bu səbəblər gərginliyi daha da gücləndirir. Səbəblərdən ilkini energetika məsələsidir. Belə ki, Rusiya qərbi enerji aslılığında saxlamaq üçün cənub xəttini inşa etdirir və çalışılır ki, Şərqi Asiya və Azərbaycan qazı məhz bu xətlə qərbə çıxsın. Amma Azərbaycan Rusiyanın istəyindən fərqli olaraq başqa addım atdı. Artıq TANAP layihəsi həllini tapır. Bununla bağlı rusiyalı politoloqlar maraqlı fikirlər səsləndirib.
"Qaz məsələsinə Rusiya-Azərbaycan münasibətlərinin ümumi kontekstindən kənarda baxmaq olmaz, ikitərəfli dialoq energetika problemi ilə məhdudlaşmır". Bu açıqlamanı Rusiyanın tanınmış politoloqu Aleksey Vlasov verib. TANAP layihəsinin Rusiyanın energetika layihələri üçün rəqabətə çevrilə biləcəyi barədə sualı cavablandıran Vlasov qeyd edib ki, hazırda iki ölkə arasında münasibətlərdə pauza dövrü başlayıb, lakin bunu qarşılıqlı münasibətlərin soyuması kimi dəyərləndirmək olmaz: "Bir çox məsələlər Vladimir Putinlə İlham Əliyevin görüşü baş tutanda həllini tapa bilər. Bu pauza müvəqqəti xarakter daşıyır, düşünmürəm ki, Cənubi Qafqazın geosiyasətinə dair əsas məsələlərdə Moskva və Bakının mövqelərinin fərqlənməsi prosesi gedir".
Aleksey Vlasov bildirib ki, bu il iki ölkə arasında artıq bir neçə rəsmi səfər gerçəkləşdirilib: "Üçüncü Rusiya-Azərbaycan Regional Forumunu, Ramazan Kadırovun Azərbaycana səfərini xatırlatmaq istəyirəm. Ölkə rəhbərlərinin görüşünə sənədlər paketi çıxarılmalıdır, lakin hər iki tərəf bu sənədlərin əsasını təşkil edəcək həlledici məsələlərlə bağlı mövqelərini qətiləşdirməyiblər. Sənədlər paketi hazır olan kimi, bu görüş baş tutacaq".
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü şərh edən politoloq Qarabağ məsələsində irəliləyişin olmadığını deyib: "Bu vəziyyətdə qeyri-hökumət sektoru səviyyəsində dialoqu aktivləşdirmək vacibdir. Qarabağ münaqişəsini indiki kimi aralıq vəziyyətdə qoymaq olmaz, məhz ona görə ki, istənilən xarici təsir münaqişənin dondurulmuş mərhələdən aktiv mərhələyə keçməsinə səbəb ola bilər. Hələlik bu məsələdə Brüssel daha aktiv fəaliyyət göstərir, Rusiya əsas diqqəti Avrasiya layihəsinə və Mərkəzi Asiya regionunda mövqelərini möhkəmlətməyə yönəldib. Kazan görüşündəki uğursuzluq Vladimir Putini Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqe açıqlamaqda maksimum dərəcədə ehtiyatlı olmağa sövq edir".
Vlasov Qəbələ RLS-lə bağlı danışıqların davam edəcəyini deyib: "baxmayaraq ki, bununla bağlı kifayət qədər ziddiyyətli məlumatlar, şayiələr dolaşır, danışıqlar davam edəcək. Qəbələ RLS - bu sahədə Rusiya-Azərbaycan əməkdaşlığının simvoludur".
Amma buda qeyd olunur ki, məsələlər heç də politoloq Aleksey Vlasovun dediyi kimi deyil. Çünki birincisi, Rusiya prezidenti azərbaycanlı həmkarı ilə görüşməyə maraq göstərmir və bu günə qədər o Qafqazda yalnız Ermənistan prezidenti ilə görüşüb. Bu isə o deməkdir ki, Vladimir Putin problemlərin həllindən sonar İlham Əliyevlə görüşməyə üstünlük verir. Bu problemlər isə problem yox, şərtlərdir. Azərbaycan isə bu şərtləri qəbul etməyəcək. Digər tərəfdən, Vlasov bəyan edir ki, iki ölkə münasibətlərində gərginlik yox, pauza yaranıb. Amma fakt budur ki, Rusiya artıq açıq şəkildə Azərbaycana problemlər yaratmaq istəyir və buda o deməkdir ki, ortada fasilə yox, soyuq diplomatik münaqişə var. Çünki Azərbaycanda "Sadval"ı aktivləşdirmə zarafat məsələ deyil və Rusiya bununla Azərbaycanda milli münaqişələr yaratmağa çalışır və bu növbəti bir Qarabağ probleminin yaranmasına gətirib çıxara bilər.
Mehdi Əli