Polis orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdəmir rayonu ərazisində külli miqdarda narkotik vasitə və psixotrop maddənin satış məqsədi ilə qanunsuz əldə edilməsi, saxlanması və daşınmasındaşübhəli bilinən şəxs tutularaq məsuliyyətə cəlb olunub.

Unikal.org xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin 234.1, 177.2.1 və 177.2.2- ci maddələri ilə məhkum olunan 39 yaşlı rayon sakini Səlimov Alış Niyazi oğlunu şübhəli şəxs qismində saxlayaraq rayon polis şöbəsinə gətiriblər.

Polis əməkdaşları onun üzərində axtarış apararkən Alış Səlimovun ayağında olan qara rəngli ayaqqabının alt hissəsində narkotik vasitə olan heroin aşkarlanıb.

Şöbə əməkdaşları tərəfindən A. Səlimovun yaşadığı Mirzə Ələkbər küçəsi 5-a ünvanına keçirilən baxış zamanı oradan 96 qram, ayrı-ayrı bükümlərə ayırlmış və üzərində qramları yazılan narkotik vasitə olan heroin, 5 qram psixotrop tərkibli maddə olan metamfetamin, 1,5 qram tiryək və elektron tərəzi aşkar olunaraq götürülüb.

İlkin dindirmə zamanı saxlanılan şəxs narkotik vasitəni tanımadığı İran vətəndaşından aldığını bildirib. Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.