Daxili İşlər Nazirliyi Nəsimi Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin rəisi Elçin İsgəndərovun açıqlamasını təkzib edib. 

Unikal.org xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

O qeyd edib ki, vətəndaşlar tibbi maska və əlcəkdən istifadə etməməyə görə cərimə olunmur: “Polis əməkdaşları həmin şəxsləri saxlayıb, onlara tövsiyə edir ki, özlərinin və yaxınlarının sağlamlığı üçün maska və əlcəkdən istifadə etsinlər. Əlcək və maskadan istifadə etməməyə görə cərimə yoxdur”.

Qeyd edək ki, Elçin İsgəndərov report-a açıqlamasında bildirib ki, ictimai nəqliyyatda qoruyucu maskalardan istifadə etməyən vətəndaşlar barəsində İnzibati Xətalar Məcəlləsinə (İXM) müvafiq olaraq inzibati cərimə və inzibati həbs məsuliyyət tədbirləri görüləcək. Cərimələrin miqdarı fiziki şəxslər üçün 100 manatdan 200 manatadəkdir.