Oliqarxların Xəzər suları üstündə ilginc varlanma əməliyyatı
Oliqarxların Xəzər suları üstündə ilginc varlanma əməliyyatı

Artıq onların obyektləri dənizin içinə doğru uzanmağa başlayır; bəs bundan sonra nə olacaq?

Son illər ərzində Bakı, eləcə də ölkənin əksər səfalı əraziləri məmur-oliqarxlar tərəfindən qarış-qarış alınıb, daha doğrusu zor-xoş zəbt olunub. Artıq paytaxtda, məmləkətin gözəgəlimli yerlərində, istirahət zonalarına yaxın məkanlarında bir sot belə boş sahə tapmaq mümkün deyil. Hətta bələdiyyələr, iri məmurların xeyir-duası və nəzarəti altında qanunsuz olaraq perspektiv - gələcək nəsillər üçün nəzərdə tutulan torpaqları da satıb-sovublar.

Hansı ki, müvafiq qanunvericiliyə görə, perspektiv torpaqların qarşıdakı 50 il ərzində yeni ailə qurub təsərrüfat yaradanlara ayrılması nəzərdə tutulub. Lakin indi həmin ərazilər müxtəlif imkanlı şəxslərin, iş adamlarının, oliqarxların nəzarətinə keçib.
Axır bir neçə ildə isə məmur-oliqarxların Xəzər dənizini hasarlayıb sahilyanı əraziləri şəxsi mülkiyyətinə çevirməsi prosesi bütün gücü ilə vüsət alıb. Üstəlik, bu proses xaotik şəkildə həyata keçirilir. Yəni sahil boyunca torpaqların bir yox, bir neçə qrup tərəfindən zəbt olunması baş verir. Bir çox ekspertlər isə iddia edir ki, ərazilər tamamilə qanunsuz, feodal qaydalarına uyğun şəkildə tutulur. Yəni həmin ərazilərin böyük əksəriyyətini nə bələdiyyənin, nə də icra hakimiyyətlərinin satmağa icazələri yoxdur. Xüsusi ilə də Bakıda, dənizkənarı ərazilər, hətta ictimai əhəmiyyətli sahələr yüksək vəzifəli və oliqarxik göstəriciləri olan şəxslər, onlara yaxın qruplar tərəfindən hasarlanır, qanunsuz olaraq, mənimsənilir.
Bəzi rayonlarda, məsələn, Xaçmaz rayonu, Nabran istirahət zonasında dənizə yaxın ərazilər isə müvafiq strukturların nəzarəti altında bəlli adamların mülkiyyətinə keçirilir.
Bu proses getdikcə sürətlənir və açıq-aşkar, hər kəs tərəfindən müşahidə edilə bilir. Əməkdaşlarımızın müşahidələrinə görə, hazırda Xəzərin Şıx, Novxanı, Şüvəlan, Mərdəkan, Pirşağı, Nabran sahillərinin hasarlanması prosesi daha geniş vüsət alıb. Özü də sanki dəniz kənarında qala yapılır; hasarın hündürlüyü 10 metrdən də çox olur və faktiki olaraq insanlar dənizi görə bilmirlər. Bu, eyni zamanda Bakının ekoloji tarazlığının da pozulmasına səbəb olan məsələdir.
Burada önəmli bir məqamı xatırlatmaqda da fayda görürük: vaxtilə mərhum prezident Heydər Əliyevin sərəncamı ilə Xəzər dənizinin sahilində hər hansı tikintinin aparılması üçün bəlli məsafə müəyyənləşdirilmişdi. Belə ki, Xəzərin yalnız 150 metrliyində hər hansı tikinti aparmaq icazəsi vardı.
O dövrü unudanlara xatırladaq: Dənizi qamarlamaq istəyənlər 2001-2002-ci illərdə də ortaya çıxmışdılar. Lakin həmin vaxt mərhum prezident Heydər Əliyev buna sərt reaksiya verdi və dəniz kənarında 150 metr məsafədə tikinti aparmağa, villa tikməyə qadağa qoydu. Hətta o zaman bir neçə vəzifəli şəxsin dəniz kənarındakı mülkü yerlə-yeksan edilmişdi.
Amma sonradan varlanmaq ehtirası bəzi məmurların gözünü elə örtdü ki, onlar əvvəlcə mərhum prezidentin tapşırığını unutdular, yavaş-yavaş Xəzər sahilləri onların restoran və villaları ilə əhatələnməyə, hasarlanmağa başladı. İndi isə durum ümumiyyətlə acınacaqlıdır: artıq bəzi iri məmurların restoranları, kafeləri, otel-motelləri dənizin içinədək uzanıb. Sahillərin mənimsənilməsi azmış kimi, indi dəniz suları da bəzi oliqarxların sönmək bilməyən sərvət ehtirasının girovuna çevrilir.
Ancaq belələrinə daha bir xatırlatma ehtiyacı da hiss edirik: yuxarıda da qeyd etdik, 2000-ci illərin əvvəlində mərhum prezidentin sərt reaksiyasından sonra bir neçə vəzifəli şəxsin dəniz kənarındakı mülkü yerlə-yeksan edilmişdi. Amma hazırki ölkə rəhbərliyinin də günlərin birində Xəzərin bu şəkildə qamarlanmasına sərt təpki verməyəcəyi niyə istisna edilməlidir? Bax onda bu gün dənizin sahili azmış kimi onun sularını da zəbt və işğal edən bəzi məmurlar tikdiklərinin aqibətini düşünürlərmi? Fikirləşirlərmi ki, pulları bir anın içində necə suya düşə bilər?
Xəzər dənizi təbiətin Azərbaycan xalqına ərməğanıdır. Bu, hamımızın ortaq sərvəti olan bir təbiət hadisəsidir və ondan hər birimizin faydalanmaq haqqımız var. Eyni zamanda da Xəzəri qorumaq bizim hər birimizin təbiət qarşısında vətəndaşlıq borcudur.
Amma kimlərsə Xəzəri yalnız özününkü hesab edirsə, o zaman bunu unutmasınlar: təbiətin intiqamı ağır olur. Ona əl uzadanlar, ondan öz mənafeləri naminə faydalananlar elə təbiətin özü tərəfindən layiqli cəzasını alır.
Qısacası, bu gün dənizin hətta içini belə, qamarlayanlar unutmasınlar ki, onları gec ya tez, yalnız ölkənin qanunları yox, həm də təbiətin qanunları ilə verilən dəhşətli, amma layiqli cəza gözləyir.

Ülviyyə Qasımlı