“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində baxdıqda Ermənistan tərəfi bu məsələdə də siyasi möhtəkirliyə və münaqişənin həlli prosesini təhrif etməyə çalışır. Onlar həmçinin COVID-19 mövzusunu da siyasi möhtəkirlik obyektinə çevirməyə çalışırlar”.

Unikal.org xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

"Beynəlxalq ictimaiyyətin də müraciəti ondan ibarətdir ki, bu virus da işğallara və təcavüzlərə son qoyulması üçün münbit zəmin və şərait yardır və dövlətlərin üzərinə zəruri öhdəlik qoyur. Məhz bu amaldan çıxış edərək Ermənistan da əgər öz beynəlxalq öhdəliklərinə sadiq olduğunu və qonşu dövlətlərlə mehriban qonşuluq şəraitində yaşamaq istədiyini nümayiş etdirmək istəyirsə, COVID-19 yaxşı fürsətdir. Ermənistan özünün işğalçılıq siyasətinə son qoysun və Azərbaycanın işğal olunan ərazilərindən öz qoşunlarını çıxarsın, eləcə də məcburi köçkünlərin öz yurdlarına qayıtması təmin edilsin”, - PA rəsmisi qeyd edib.

H.Hacıyev bildirib ki, Azərbaycan dövləti həmişə əsir və girovların hamının-hamıya prinsipi ilə dəyişdirilməsinin tərəfdarı olub: “Ancaq təəssüf ki, Ermənistan tərəfindən də bu sahədə qeyri-humanist siyasət həyata keçirilərək girovların geri qaytarılması həyata keçirilməyib. Ermənistan həmişə bu məsələdən boyun qaçırıb. Qlobal pandemiya şəraitində də əsir və girovların dəyişdirilməsinə çalışır və dəstəkləyirik. Hesab edirik ki, bu sahə ilə məşul olan təşkilatların bu istiqamətdə əlavə səylər göstərməsi vacib və faydalı olardı”.