Ağsu Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini R.Abuzərov ona məxsus “VAZ 2107” markalı avtomobilin naməlum şəxs tərəfindən oğurlanması barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Unikal.org-a verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobili oğurlayan şəxsin əvvəllər məhkum olunmuş Kürdəmir rayon sakini Araz Vəliyev olduğu müəyyən edilib. Araşdırma zamanı məlum olub ki, A.Vəliyev R.Abuzərova məxsus “VAZ 2107” markalı avtomaşını almaq məqsədilə avtomobilə oturub və daha sonra avtomobili qaçıraraq ərazini tərk edib.

Bundan sonra A.Vəliyev avtomobili Şirvan şəhərinə aparıb və onu şəhər sakini İlqar Məmmədova satıb. Ağsu RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat -axtarış tədbirləri nəticəsində hər iki şəxs Şirvan şəhərində saxlanılaraq Ağsu RPŞ-yə gətirilib. Avtomobil isə heç bir zərər görmədən sahibinə geri qaytarılıb. İlkin dindirmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf edib.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır.