Çinin cənubundakı Quandon vilayətində bur neçə gündür davam edən şiddətli yağışlar 4 nəfərin ölümünə səbəb olub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  güclü yağışlar vilayətin inzibati mərkəzi olan Quancouda və Donquan şəhərində sel, daşqın, torpaq sürüşməsi və palçıq axını əmələ gətirib. Huanpu rayonunda 9 nəfər dağılmış evin altında qalıb. Xilasedicilər dağıntı altında qalanları 11 saatlıq əməliyyatdan sonra ikisi ölü vəziyyətdə olmaqla çıxarıblar.

Sel və daşqın suları avtomobil yollarına və tunellərə axıb, əkin sahələrini yararsız vəziyyətə salıb, yaşayış məntəqələrində evlərə və digər tikililərə xeyli ziyan vurub. İki nəfər də tuneldə su altında qalan avtomobildə boğularaq ölüb.

Şiddətli yağışlar şəhərdə qatarların və 164 istiqamət üzrə avtobusların hərəkətinin dayanmasına səbəb olub. Bəzi yaşayış məntəqələrində şiddətli yağışlarla əlaqədar ən yuxarı səviyyədə xəbərdarlıq elan edilib və məktəblərdə dərslər təxirə salınıb. Xeyli sakin təxliyə edilib.

Təbii fəlakətin nəticələrinin aradan qaldırılması və sakinlərə kömək üçün 1700-ə yaxın canlı qüvvə, minə yaxın texnika cəlb olunub.

Meteorologiya xidməti şiddətli yağışların mayın 26-dək davam edəcəyini proqnozlaşdırıb