"Gürcüstan azərbaycanlılarının ictimai-siyasi problemləri"
"Gürcüstan azərbaycanlılarının ictimai-siyasi problemləri"
Fərəc Quliyev: "Azərbaycan türkləri ermənilərdən fərqli olaraq heç bir zaman bölücülüyün daşıyıcısı olmayıb."

Milli Dirçəliş Hərəkatı Partiyası Borçalı departamentinin təşəbbüsü ilə Gürcüstan Türkləri Konfederasiyası ilə birlikdə Gürcüstandakı soydaşlarımızın problemləri ətrafında mətbuat konfransı keçirilib.
Tədbirdə MDHP sədri, Millət Vəkili Fərəc Quliyev hakimiyyət dəyişikliyindən sonra Gürcüstanda soydaşlarımıza qarşı baş verən hücumların siyasi çalar daşıdığını diqqətə çatdırıb.
"Mütəmadi olaraq biz hər zaman Gürcüstandakı soydaşlarımızın hüquqları ilə bağlı məsələ qaldırmışıq. Bizim Borçalı departamenti ordakı problemlərin həll ilə birbaşa məşğul olur. Baxmayaraq ki, vaxtilə bizim nümayəndəmizi öldürdülər və cinayətkarlar hələ də tapılmayıb. Rusiya Qafqazda böyük oyun oynamağa çalışır. Gah müxtəlif təşkilatlar yaradır, gah da ayrı-ayrı təşkilatlara dəstək durmaqla Qafqazda təxribat mənbələri yaradıb alovlandırır. Gürcüstanda məskunlaşan ermənilərdən fərqli olaraq azərbaycanlıların yaşadıqları ərazilər onların öz tarixi torpaqlarıdır. Amma Azərbaycan türkləri ermənilərdən fərqli olaraq heç bir zaman bölücülüyün daşıyıcısı olmayıb. Gürcüstandakı azərbaycan türklərini sıxışdırırlar, soydaşlarımız müəyyən təzyqilərlə üz-üzədir. Buna görə də onlara sahib çıxmaq lazımdır. Məndən olsa, ikili vətəndaşlıq məsələsinə qədər proseslərin üzərinə getmək mümkündür. Baxmayaraq ki, ən müxtəlif səbəblərdən bu, hələlik mümkün görünmür." - deyə bildirib. Qeyd edək ki, Fərəc Quliyev parlamentin Azərbaycan-Gürcüstan dostluq qrupunun üzvüdür.
Gürcüstan Türkləri Konfederasiyasının sədri Daşqın Gülməmmədov öz tarixi torpaqlarında yaşayan Azərbaycan türklərinə qarşı son zamanlar vüsət alan ayrı-seçkilik (evlərə basqınlar və s.), torpaq və dil problemləri ətrafında dəlillərlə geniş çıxış edib. "Gürcüstan Türkləri Konfederasiyası milli təhsillə bağlı problemin həllini istəyir. Gürcüstan parlamenti "Avropa Milli Azlıqlar üzrə Çərçivə Konvensiyası"nın 67-ci maddəsinə uyğun olaraq, Gürcüstan Konstitusiyasının 8-ci maddəsinə əlavə etməli, Azərbaycan türkcəsinə dövlət dili statusu verilməlidir. Bu dilin azərbaycanlılar yaşayan bölgələrdə təhsil üçün istifadəsinə rəsmən icazə alınmalıdır".
Onun sözlərinə görə, hazırda Gürcüstan Konstitusiyası Azərbaycan dilində təhsili qadağan edir və hətta 2013-cü ildən etibarən gürcü dilini bilməyən müəllimlər də işdən çıxarılacaq.
D. Gülməmmədov bildirib ki, Gürcüstanın Borçalı və digər bölgələrində yaşayan azərbaycanlılar da daxil olmaqla Gürcüstandakı türklər torpaqla təmin olunması, dövlət orqanlarında təmsilçilik və dini problemlərlə qarşılaşırlar: "Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan üzrə idarəsi ləğv olundu və yeni bir qurum yaradıldı. Qəribədir, dünyanın heç bir yerində belə bir şey yoxdur. Gürcüstanda Saakaşvili hökumətinin məmurları baş müftini sünni, müavinini isə şiə qoyublar. Bu heç bir yerdə, heç bir dövlətdə görünməyən bir şeydir. Bu da Gürcüstanda bəzi qüvvələrin dini qarşıdurma yaratmaları ilə bağlı planlarından xəbər verir".
Gürcüstanda 60 mindən çox azərbaycanlı kadr və mütəxəssis olduğunu vurğulayan konfederasiya sədri bildirdi ki, gürcü dilini bilən azərbaycanlılar da, işlə təmin edilmirlər. O deyib: "Gürcüstanda bir nəfər azərbaycanlı polis rəisi, prokuror yoxdur. Azərbaycanın Baş prokuroru gürcüstanlıdır, amma Gürcüstanda nazir mavini də, ermənilər yaşayan üç rayonun 3-nün də polis rəisi ermənidir".
Təşkilatın rəhbəri bildirib ki, torpaqlar saxta auksion vasitəsilə yalnız gürcülərə satılır. Yerli əhali olan azərbaycanlılar torpaqla təmin edilmir. Məqsəd Gürcüstanda yaşayan azərbaycanlıları torpaqsızlaşdırıb ordan çıxartmaqdır. Bu, mədəni deportasiyadır. Bir sözlə, Gürcüstanda yaşayan türk etnoslarına qarşı təhlükəli vəziyyət yaranıb. Azərbaycan və Türkiyə bu məsələyə dərhal müdaxilə etməlidir. Azərbaycan və Türkiyə cəmiyyətləri və dövlətinin mütləq müdaxiləsi lazımdır. Artıq Borçalıdan əhalinin köçürülməsi başlayıb. Orada ümidsizlik yaranıb.
Tədbirdə Borçalıdan canlı şahidlər, ziyalılar, gənclər, müxtəlif Borçalı təşkilatlarının nümayəndələri, MDHP rəhbərliyi və üzvləri, mətbuat nümayəndələri iştirak ediblər.
Fuad