«Bu gün 102 illik tarixi vərəqlənən  Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev  belə qiymətləndirmişdir: «Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi.» Bu dəyərləndirmənin davamı olaraq möhtərəm Prezidentimiz  İlham Əliyev  Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını xalqın milli oyanışının məntiqi yekunu kimi səciyyələndirir. Azərbaycanın müstəqillik tarixinin ayrı-ayrı mərhələlərinin tarixi paralellər fonunda indiki və gələcək nəsillərə çatdırılması günümüzün əsas tələbləri sırasındandır. Dövlətimizin başçısı İlham Əliyevin ardıcıl  Sərəncamları əsasında  2018-ci ilin ölkəmizdə «Azərbaycan Xalq Cümhuriyyəti ili», 2019-cu ilin «Nəsimi ili», cari ilin isə «Könüllülər ili»  elan edilməsi də bu çağırışların təsdiqidir: Keçilən  yola yalnız bir gün deyil, daim nəzər salıb bu reallıqla fəxr etməliyik ki,  Azərbaycan xalqının  qəhrəmanlıqla  dolu zəngin  keçmişi, tarixi, mədəniyyəti, ədəbiyyatı, milli-mənəvi dəyərləri vardır.  Bu  tarixi öyrənmək, təbliğ etmək hər birimizin vətəndaşlıq borcudur.»

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Unikal.org-a açıqlamasında bildirib.

"Cümhuriyyət tariximizin öyrənilməsi ulu öndər  Heydər Əliyevin əsas çağırışlarından olub» söyləyən V.Rəhimzadə bildirib ki, Ümummilli Liderin 1993-2003-cü illərdə gördüyü işlərin davamı olaraq   son 16 ildən artıq dövrdə   möhtərəm Prezidentimiz  İlham Əliyev  milli dövlətçilik tariximizə diqqət və qayğısını davamlı addımları ilə təsdiqləyir. Qeyd etdiyimiz kimi, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı, həmçinin  2018-ci ilin «Azərbaycan Xalq Cümhuriyyəti ili» elan olunması barədə Sərəncamlar  xalqımızda, xüsusilə gənclərimizdə müstəqil dövlətçilik və vətənpərvərlik hisslərinin gücləndirilməsində  mühüm rol oynadı. Atılan bu addımlar tariximizə verdiyimiz dəyərdən, öyrənilməsinə göstərdiyimiz maraqdan, ən əsası zəngin tarixə malik olduğumuzu bir daha dünyaya  çatdırmaqdan ibarətdir. Azərbaycan xalqı tarixinin hər səhifəsinə hörmətlə yanaşıb, tarixin sınaqlarından şərəflə çıxması ilə    fəxr edir» söyləyən V.Rəhimzadə qeyd edib ki, artıq müstəqilliyimizin yenidən bərpa olunmasından   29 ilə yaxın zaman keçir. Bu illər Azərbaycan tarixinə biri-birindən önəmli uğurlar yazıb. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı, 1993-2003-cü illərdə həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasət bugünkü Azərbaycanın möhtəşəm uğurlarına yol açıb. Dahi şəxsiyyətin «Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir» tezisi Azərbaycanın istər 1918-ci illərdə, istərsə də müstəqilliyini yenidən bərpa etdiyi ilk illərdə cərəyan edən proseslərin fonunda özünü bir daha qabarıq şəkildə büruzə verir. Ümummilli lider Heydər Əliyev düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində  Azərbaycan xaosdan, anarxiyadan, iqtisadi tənəzzüldən inkişaf, tərəqqi yoluna çıxdı. Ölkəmiz qısa müddətdə sabitlik məkanına çevrildi. Xalqımız öz təbii sərvətlərinin əsl sahibinə çevrilməkdən qürur duydu. Məhz  təbii resurslardan səmərəli istifadə etmək,  səyləri birləşdirmək, dünya iqtisadi sisteminə inteqrasiya etmək  məqsədilə imzalanan «Əsrin müqaviləsi» Azərbaycanın dünya birliyində yeri və rolunu artırdı, ölkəmizə iqtisadi və siyasi dividendlər qazandırdı.  Ulu Öndər Azərbaycanın çətin günlərdən şərəflə çıxaraq dünya birliyində layiqli  yer tutacağını böyük inam və qətiyyətlə bildirmişdir: «Azərbaycan dünyaya Günəş kimi doğacaq. Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası, həmçinin 12 istiqaməti özündə ehtiva edən, davamlı inkişafa yönələn Strateji yol xəritələri  qarşıdakı illər üçün müəyyənləşdirilmiş hədəflərin gerçəkləşməsində stimulverici amilə çevrilib. Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz keçilən yolumuzun zənginliyinə, təcrübəmizin çoxşaxəliliyinə, islahatlarımızın təkmilliyinə əsaslanır".