Misir Mərdanovun səbr kasası daşdı
Misir Mərdanovun səbr kasası daşdı

Təhsil Nazirliyi Məleykə Abbaszadəyə elə bir cavab verdi ki!

Təhsil naziri Misir Mərdanovla Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə arasında uzun müddətdən bəridir davam edən intriqa özünün kulminasiya nöqtəsinə çatıb. Təxminən ilyarımdır TQDK sədrinin davamlı ittihamları ilə üz-üzə qalan və bir qayda olaraq, həmin ittihamları yumşaq reaksiyalarla ötüşdürən Mərdanovun, deyəsən, səbr kasası daşıb və onun nazirliyi dünən Məleykə Abbaszadəyə olduqca ağır sözlərlə zəngin bir cavab göndərib.

Söhbət ondan gedir ki, Təhsil Nazirliyi TQDK sədrinin "İlin ən yaxşı məktəbi" və "İlin ən yaxşı müəllimi" müsabiqələrinin keçirilməsi ilə bağlı fikirlərinə cavabında xanım Abbaszadə az qala "böhtançı" kimi qələmə verilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, son günlər müxalifət qəzetlərinin səhifələrində ölkə Prezidentinin sərəncamı ilə Təhsil Nazirliyi tərəfindən keçirilən "İlin ən yaxşı məktəbi" və "İlin ən yaxşı müəllimi" müsabiqələri ilə bağlı Məleykə Abbaszadənin yanlış, heç bir əsası olmayan və böhtan dolu fikirləri əks olunur.
Komissiya sədri bu müsabiqələrin düzgün keçirilmədiyini bildirir və bunu ali məktəblərə qəbul imtahanlarında məzunları yüksək bal toplayan orta məktəblərin "İlin ən yaxşı məktəbi" müsabiqəsində yer tutmaması ilə əlaqələndirir. Təhsil Nazirliyi bildirir ki, ölkənin təhsil mütəxəssisləri, eləcə də, beynəlxalq təhsil ekspertləri orta məktəbin məqsədinin təkcə ali məktəblərə tələbə hazırlamaq olmadığını birmənalı şəkildə təsdiq edirlər.
Ancaq buna baxmayaraq, TQDK-nın ali məktəblərə qəbul zamanı məzunları yüksək bal toplayan orta məktəblərin siyahısı ilə Təhsil Nazirliyinin keçirdiyi "İlin ən yaxşı məktəbi" müsabiqəsinin nəticələri Məleykə Abbaszadənin dediklərindən fərqli olaraq, üst-üstə düşür: "TQDK-nın rəsmi saytının statistik təhlil bölməsində 2011-ci ildə ölkə üzrə ən yüksək bal toplayan 35 məktəbin siyahısı verilib. Bu məktəblərin 14-ü (türk liseyləri) qaydalara uyğun olaraq, dövlətin maliyyələşdirdiyi müəssisələr olmadığı üçün müsabiqədə iştirak etməyib. 1 məktəb (Bakı şəhəri akademik Z.Əliyeva adına orta məktəb) yeni yarandığı və 3 il məzun buraxılışı olmadığı üçün müsabiqədə iştirak etməyib. 20 məktəbin 2-si (Bərdə şəhər 5 saylı orta məktəb, Naxçıvan şəhəri 3 saylı orta məktəb) müsabiqədə iştirak üçün sənəd verməyib. Qalan 18 məktəb isə Təhsil Nazirliyinin keçirdiyi "İlin ən yaxşı məktəbi" müsabiqəsinin qalibidir. 2012-ci ilin nəticələrinə gəldikdə isə, TQDK-nın rəsmi saytının statistik təhlil bölməsində ölkə üzrə ən yüksək bal toplayan 36 məktəbin siyahısı verilib. Bu məktəblərin 13-ü (türk liseyləri) dövlətin maliyyələşdirdiyi müəssisələr olmadığı üçün müsabiqədə iştirak etməyib. 1 məktəb (Bakı şəhəri akademik Z.Əliyeva adına orta məktəb) yeni yarandığı və 3 il məzun buraxılışı olmadığına görə qaydalara əsasən müsabiqədə iştirak etməyib. 22 məktəbin 5-i müsabiqədə iştirak üçün sənəd verməyib, 2 məktəb (Bakı şəhəri 30 və 48 saylı orta məktəblər) müsabiqədə aşağı nəticə göstərdiyi üçün yer tuta bilməyib. Qalan 15 məktəb isə Təhsil Nazirliyinin keçirdiyi "İlin ən yaxşı məktəbi" müsabiqəsinin qalibidir. Məleykə Abbaszadənin sözləri ilə desək, onun fikirlərinin heç bir elmi əsası yoxdur".
Təhsil Nazirliyi vurğulayır ki, TQDK-nın müvafiq siyahısı Təhsil Nazirliyinin keçirdiyi müsabiqənin nəticələri ilə 2011-ci ildə 100 faiz, 2012-ci ildə isə 94,5 faiz üst-üstə düşür. Bu nəticələr əvvəlki illərdə də, demək olar ki, eynidir: "Əlbəttə, bu nəticələr tam olaraq üst-üstə düşməyə də bilər. Çünki Təhsil Nazirliyi bu müsabiqəni müəyyən olunmuş qaydalara əsasən, məktəblərin fəaliyyətinin göstəricisi olan 30-a yaxın meyar əsasında aparır. Ali məktəblərə tələbə qəbulunun nəticələri bu meyarlardan yalnız biridir. Təəssüf hissi ilə bildiririk ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası belə məlumatları jurnalistlərə verməzdən əvvəl bir dövlət qurumu olaraq, Təhsil Nazirliyinə müraciət edib dəqiqləşdirsəydi, ölkə Prezidentinin sərəncamı ilə yekunlaşdırılan bu mühüm müsabiqənin nəticələri ilə bağlı mətbuatda əsassız müzakirələrin aparılmasına səbəb olmazdı".
Dünən "Unikal"ın əməkdaşı Mərdanovun birdən-birə TQDK sədrinə belə qəzəbli cavab göndərməsinin səbəblərini araşdırıb. İki iri məmur arasında illərdən bəridir davam edən və zaman-zaman olduqca alovlanan ixtilafın səbəbləri barədə danışan qaynaq qəzetimizin əməkdaşına bildirib ki, təhsil nazirini nəhayət bu qədər özündən çıxaran səbəb ona məlumdur: "Əvvəla onu deyim ki, Məleykə Abbaszadə indiyədək Misir Mərdanova sonuncu iradlarından xeyli ağır ittihamlar göndərib, amma heç vaxt belə sərt cavab almayıb. Təhsil nazirini indi bu qədər əsəbləşdirən və TQDK sədrinin tənqidlərinə kəskin ifadələrlə cavab verməyə məcbur edən xanım Abbaszadənin bir neçə gün əvvəlki saymazyanalığı olub. Belə ki, TQDK-nin yaradılmasının 20 illiyi ilə bağlı yubiley tədbiri keçirilib və həmin tədbirə əksər dövlət və hökumət qurumları rəhbərlərindən fərqli olaraq, Misir Mərdanov dəvət edilməyib. Bu isə təhsil nazirinin səbr kasasının tamamilə daşmasına gətirib çıxarıb. Hesab etmək olar ki, artıq iki məmur arasında intriqalar tamamilə nəzarətdən çıxıb və biz qarşıdakı günlərdə onların açıq savaşının davam etməsinin şahidi olacağıq".
Dünən bir başqa mənbədən əldə etdiyimiz məlumata görə, TQDK sədri təhsil nazirinin cavabını (açıqlama Təhsil Nazirliyi mətbuat xidməti adından yayılsma da, onun Mərdanovun fikirlərini ifadə etdiyi dartışmasızdır) qəzəblə qarşılayıb. "Unikal"a daxil olan bilgilərdə Məleykə Abbaszadənin xüsusən açıqlamada onun az qala müxalifət qəzetləri ilə əməkdaşlıqda ittiham edilməsini olduqca öfkəli qarşıladığı və bu səbəbdən TQDK-nin Təhsil Nazirliyinin cavabına cavabının daha kəskin ola biləcəyi vurğulanır.
Ülviyyə Qasımlı