Ziyalılar Forumu+ RATİ = Yeni oyun
Ziyalılar Forumu+ RATİ = Yeni oyun

Strateji və taktiki labrint dəyişkənliyi

Ziyalılar Forumu yenidən aktivləşdi və bəyanatla çıxış etdi. Əslində Ziyalılar Forumunun aktivləşməsi gözlənilən idi. Çünki başlanan proseslər sübut edir ki, Ziyalılar Forumu sadəcə olaraq ziyalıların istəyi ilə yaranmayıb və ortada ciddi başqa səbəblər var. Gəlin məsələnin mahiyyətinə baxaq. Rusiyada azərbaycanlı milyonerlərdən ibarət RATİ adlı qrum yaradıldı və fəaliyyətə başlayan kimi bir neçə maraqlı nüans ortaya çıxdı.

Yeni strateji xətt
Aydın oldu ki, yeni təşkilat
- Ermənilərlə hakimiyyətin nəzarətindən kənarda danışıqlar prosesinə başlayır və bununla dağlıq Qarabağla bağlı danışıqlara Azərbaycanın nəzarəti zəiflədilir.
- Azərbaycan hakimiyyətinə qarşı sərt ittihamlar səsləndirilir və bununla belə rəy yaradılır ki, artıq oliqarxlar mövcud hakimiyyətin yanında deyil
- Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı zaman-zaman açıqlamalar verilir və bununla rəy formalaşdırılır ki, oliqarxlar prezident seçkilərinə başqa bir komanda ilə gedəcək və tamam başqa namizədləri olacaq.
Bu məqamların içində diqqəti daha çox cəlb edəni isə Dağlıq Qarabağ probelminə yanaşma ilə prezident seçkiləridir. Nəyə görə, gəlin bunun izahına baxaq.

Yeni bəyanat köhnə xətt

Azərbaycan Ziyalılar Forumu bəyanat verib. Qurum bildirib ki, əsas məqsədi mütərəqqi islahatların reallaşmasında, hakimiyyət və vətəndaş cəmiyyəti arasında dialoqun aparılmasında, Azərbaycanın modernləşməsində, sabit və dayanıqlı inkişafın davamlı prosesə çevrilməsində ziyalıların rolunun gücləndirilməsinə nail olmaqdan ibarət olan forum dəfələrlə hökumətə müraciət edərək ölkədə həlli vacib olan, həyati əhəmiyyətli islahatların keçirilməsinə çağırıb.
Bəyanatda daha sonra Ziyalılar Forumunun yaxın zamanlarda ictimai təqdimatını keçirməyi nəzərdə tutduğu həmin proqramların əsas istiqamətləri göstərilib və bunlar aşağıdakılardır:
- hakimiyyətin istənilən səviyyəsində korrupsiyasının qarşısının alınması, vətəndaşların hüquq və azadlıqlarının təminatı, hakimiyyətin qolları arasında effektiv balans yaradan yeni siyasi-hüquqi sistemin qurulması;
- postneft mərhələsinə hesablanan və insanların sosial rifah, ölkənin dayanıqlı inkişafını təmin edən yeni sosial-iqtisadi modelin tətbiqi;
- Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etməyə qadir olan yeni siyasi strategiyanın işlənib hazırlanması.
Gördüyünüz kimi əsas məqsəd seçkilərə və Dağlıq Qarabağ probleminə yönəlib. Eyni məqsəd Rusiyada fəaliyyət göstərən RATİ-nin də proqramıdır, hətta onlar artıq ermənilərlə danışıqlarada başlayıblar. Beləliklə aydın olur ki, əslində Ziyalılar Forumu RATİ-in Azərbaycanda bir dayağıdır və prezident seçkilərində sözsüz ki, oliqarxların dəstəkləyəcəyi namizəddə məhz Ziyalılar Forumunun daxilindədir. Və cəmiyyətdə özünə rəğbət qazanmaq üçün Dağlıq Qarabağ problemindən artıq istifadəyə start verilib.

Niyə Dağlıq Qarabağ?

Maraqlıdır, bəs nədən RATİ və Ziyalılar Foprumu məhz dağlıq Qarabağ problemini gündəmə gətirir? Ekspertlər hesab edir ki, Dağlıq Qarabağ problemi hər zaman seçkilərdə əsas obyekt olur və Azərbaycanda olduğu kimi Ermənistanda da seçkilər olacaq. Hazırda Ermənistanda prezidentə alternativ olan qüvvələr Dağlıq Qarabağ problemindən istifadə etməklə Serj Sarksyan üzərində qələbə qazanmaq istəyirlər. Eynən RATİ-də çalışır ki, Dağlıq Qarabağ probleminin həllində açar rolu oynama təsəvvürünü yaratsın və buna görə artıq ermənilərlə danışıqlara da başlanılıb. Bu həm də o deməkdir ki, Azərbaycanda elə qüvvələr ola bilər ki, Dağlıq Qarabağ probleminə hakimiyyətin nəzarətini zəiflədə bilər. Sözsüz ki, bu Rusiyanın ciddi bir siyasi oyununun başlanığıcıdır və bunun davamı mütləq olacaq. Bir ştrixidə qeyd edək ki, bu gün cəmiyyətdə belə bir rəy yaranıb ki, Rusiya istəyərsə Dağlıq Qarabağ problemini bir günə həll edə bilər. Bu məntiqlə yanaşan RATİ-də belə bir inam yaradır ki, onlar Rusiyaya, Kremlə bağlı qüvvələrdir və sabah hakimiyyətdə onların nümayəndələri təmsil olunarsa deməli Rusiya problemi həll edəcək. Amma buda faktdır ki, Ayaz Mütəllibov Rusiyanın ən etibarlı kadrı idi və onun zamanında yenicə başlayan Dağlıq Qarabağ problemini həll edə bilərdilər. Amma Rusiya bunu etmədi. Çünki Rusiya Dağlıq Qarabağ, Osetiya kimi problemlərdən istifadə etməklə regiona təsir gücünü saxlayır və sözsüz ki, buna görə hansısa RATİ-in və ya Ziyalılar Forumunun istəyinə uyğun addım atası deyil. Bütün bunlar isə təsdiqləyir ki, bir mərkəzdən idarə olunan RATİ və Ziyalılar Forumu Dağlıq Qarabağ problemindən istifadə etmək niyyətindədir.

Rüstəm İbrahimbəyov aktivliyi

Başqa maraqlı bir olay isə budur ki, dünənə qədər Ziyalılar Forumunda ən parlaq sima Rafiq Əliyev idisə, siyasi sima olaraq Eldar Namazov göstərilirdisə indi bütün təşəbbüslər Rüstəm İbrahimbəyovdadır və sanki yerdə qalan simalar onun müdafiəsi ilə məşğuldurlar. Bu proses nə zamandan başladı? O zamandan ki, Rüstəm İbrahimbəyov Rusiyada formalaşan RATİ-də əsas sima olaraq ortaya çıxdı. Aydın oldu ki, oliqarxların əsas sözçüsü Rüstəm İbrahimbəyov, Kremillə vasitəçi isə Söyün Sadıqovdur. Burdan isə çıxan nəticə budur ki, RATİ-də olduğu kimi Ziyalılar Forumunda da söz sahibliyi Rüstəm İbrahimbəyova qaytarılıb və yaxın aylarda iki təşkilatın fəaliyyəti daha sıx şəkildə qurulacaq.

Ölkədaxili siyasi oyun

Son bir ay ərzində həm də açıq şəkildə ortaya bir kart çıxdı ki, hər iki təşkilat Azərbaycanda siyasi proseslərə bir başa müdaxilə etmək niyyətindədirlər və hədəf sözsüz ki, seçkilərdir. Gəlin Ziyalılar Forumunun son bəyanatındakı bir məqama baxaq:-" Azərbaycan xalqı, ölkə üçün, indiki və gələcək nəsillər üçün gələn il Azərbaycanda keçiriləcək prezident seçkiləri çox önəmli, taleyüklü hadisədir.
Forum vətəndaş cəmiyyətinin görkəmli nümayəndələri, QHT rəhbərləri, gənclər təşkilatlarının fəalları, tanınmış politoloq və hüquqşünaslarla çoxsaylı görüşləri nəticəsində ədalətli və şəffaf seçkilərin keçirilməsinin ictimai layihəsini hazırlayıb. Bir çox ölkələrin real təcrübəsinə əsaslanan bu layihəyə seçki nəticələrini bütün mümkün saxtalaşdırmalardan qoruyan müasir metodlar daxil edilib. Buraya yerli və beynəlxalq müşahidəçilərin işi, exit-polların keçirilməsi, səslərin paralel sayılması və s. üsullar daxildir. Ziyalılar Forumu bu layihənin ölkə ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənməsi üçün özünün bütün təsir imkanlarından istifadə etmək niyyətindədir.
Ziyalılar Forumu sosiologiya, hüquq, politologiya və iqtisadiyyat sahəsindəki ekspertlərlə birlikdə seçkilərdən dərhal sonra ölkə rəhbərliyinin effektiv işləyəcəyinə imkan verəcək proqramların hazırlanmasına başlayıb.
Azərbaycan cəmiyyətinin yeniləşmək istəyini, həmçinin tarix və gələcək nəsillər qarşısındakı məsuliyyətini nəzərə alan Ziyalılar Forumu bəyanatda ölkənin bütün vətəndaşlarını, ictimai-siyasi qüvvələrini demokratik dəyişikliklər naminə birləşməyə çağırıb".
Gördüyünüz kimi artıq hər iki təşkilat yalnız öz gücləri ilə kifayətlənmək niyyətində deyillər və əsas məqsədlərdən biri də ənənəvi müxalifətin, daha doğrusu AXCP və Müsavatın prosesə qatılmasını təmin etməkdir.

Mesaja çağırış

Sual oluna bilər, nədən Ziyalılar Forumu prezident seçkiləri ilə bağlı siyasi qrumları indi birliyə çağırdı? Ekspertlər bildirir ki, əslində bu birlik çağırışı Müsavat başqanı İsa Qəmbərin mesajına cavabdır. Belə ki, Müsavat başqanı bir müddət əvvəl Rusiyada yaradılan təşkilatla əməkdaşlıq məsələsinə toxunarkən bildirmişdi ki, onlardan mesaj gələrsə dəyərləndirəcəklər. Bu gün isə Ziyalılar Forumu belə bir çağırışla çıxış etdi və əslində bu oliqarxların mesajı kimi dəyərləndirilməlidir. Çünki Azərbaycanda ölkədaxili siyasi proseslərə müdaxilə etmək üçün RATİ-yə mütləq ölkə daxilində siyasi güclər lazımdır. Düzdür hazırda Ziyalılar Forumu bu işi uğurla həyata keçirir. Amma onlara həm də ənənəvi müxalifət lazımdır və belə hesab etmək olar ki, hazırda AXCP və Müsavat arasında seçim etmək üçün Ziyalılar İttifaqı hərəkətə keçəcək. Maraqlıdır, bəs bu qüvvələr Rusiyanın bu oynuna razılıq verə bilərmi? Ekspertlər bildirir ki, hər zaman Rusiya ilə bu qüvvələrin münasibətləri kifayət qədər gərgin olub və Kreml bəzi məqamlarda ənənəvi müxalifətin sıradan çıxması üçün əlindən gələni belə etməyə hazır olub. Eyni qayda İran da bu güclərlə təması normal saymayıb. Amma son bir il ərzində müşahidə olunur ki, Rusiya bu qüvvələrlə əməkdaşlığı yeganə çıxış yolu kimi görür və bu səbəbdən əməkdaşlığa maraqlı olacaqlar. Müxalifətə gəldikdə isə artıq neçə illərdir ki, düşdükləri durumdan çıxa bilmir və hər il güclərini daha da itirirlər. Bundan başqa maliyyə kanallarını tamamı ilə itirən müxalifət bilir ki, bu seçkilərdə də ciddi uğursuzluğa düçar olarlarsa siyasi səhnədən bir dəfəlik getməli olacaqlar. Məhz bu məqamları əsas gətirərək müxalifət Rusiyaya bağlı qüvvələrlə müəyyən şərtlər altında əməkdaşlıq edə bilər. İlk şərt isə sözsüz ki, bu olacaq ki, ortaya yeni qüvvə və lider çıxmamalı və ənənəvi müxalifətin maraqları təmin olunmalıdır. Amma Rusiyanın Azərbaycana qarşı elə iddiaları var ki, bu iddiaları istər Əli Kərimlinin , istərsə də İsa Qəmbərin qəbul etməsi inandırıcı deyil. Bunu da qeyd edək ki, hazırda yaranmış durumdan çıxış üçün mövcud hakimiyyətin real addımlar atması, o cümlədən təşəbbüsü ələ alması vacib sayılır. Bunun üçün isə ilk növbədə ölkədə ki, siyasi qrumlarla əməkdaşlığa başlamaq vacib şərtdir.