Bu gündən xüsusi karantin rejimi çərçivəsində Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət üçün nəzərdə tutulan müddət artırılıb.

Unikal.org xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 29-da qərar verib.

Qərara əsasən, mayın 31-dən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 22:00-dək həyata keçiriləcək (ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili istisna olmaqla).

Daha əvvəl - mayın 18-dən həmin rayon və şəhərlər üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək bərpa olunmuşdu.

Mayın 4-dən isə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində, eləcə də Naxçıvan Muxtar Respublikasında restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər bərpa olunub.

Qeyd edək ki, fəaliyyətinə icazə verilən sahələr üzrə iş rejimi pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır.

Xatırladaq ki, bu gündən ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 15 iyun 2020-ci il saat 00:00-dək uzadılıb. Eyni zamanda məhdudiyyətlərin daha bir qismi yumşaldılıb.