Deputat Vahid Əhmədov parlamentin bu gün keçirilən iclasında Müdafiə naziri Zakir Həsənovu sərt tənqid edib.

Unikal.org xəbər verir ki, deputat çıxışında Zakir Həsənovu və Nəcməddin Sadıqovu Azərbaycan dilini təmiz bilməməkdə günahlandırıb:

“Bilirsiniz ki, yüksək dövlət məmurlarının Azərbaycan dilini bilməməsi bizim üçün böyük bəladır. Dünən Zakir Həsənovun brifinqinə qulaq asdım. Ona Şuşadakı inauqurasiya ilə bağlı sual verdilər. Zakir Həsənov da, Qərargah rəisi Nəcməddin Sadıqov da azərbaycanca danışa bilmir. İzah edə bilmədilər. Bilirsən, sən Müdafiə nazirisən. Belə bir mərasim olan zaman sən dövlət rəhbərliyi qarşısında məsələ qaldırmalıydın. Amma biz susduq. Xocalı aeroportunda Sarkisyan açılışda iştirak etmək istəyirdi. O zaman müdafiə nazirinə müraciət etdilər ki, görüşə problem yaranmasın. Ancaq açılış baş tutmadı. İndi də Şuşayla bağlı müəyyən addımlar atmağa ehtiyac var idi. Biz elə bil kimdənsə qorxmalıyıq. Mən demirəm ki, silah atəşi açaq, amma heç olmasa müəyyən addımlar atmalıydıq”.

xxx

Mayın 31-də Milli Məclisin növbəti iclasında millət vəkili Vahid Əhmədovun Müdafiə nazirinin ünvanına səsləndirdiyi fikirlər yalandır və həqiqəti əks etdirmir.
Unikal.org xəbər verir ki, bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, son bir ildə Müdafiə naziri heç bir brifinqdə iştirak etməyib və ona Şuşa ilə bağlı heç bir sual verilməyib: "Millət vəkilinə xatırladırıq ki, “Azərbaycan Respublikasının Müdafiə haqqında Qanunu”nun 4-cü maddəsinin müvafiq bəndinə əsasən “müharibə elan edilməsinə və sülh bağlanılmasına razılıq” verilməsi Milli Məclisin səlahiyyətləri çərçivəsindədir".