Yeni koronavirusun ikinci dalğası qaçılmaz deyil, profilaktik tədbirlər görülsə, bunun qarşısını almaq olar. Eyni zamanda, koronavirusun yenidən yayılması təhlükəsi qalmaqdadır.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisinin direktoru Hans Kluqe Kopenhagendə keçirilən brifinqdə bildirib.

“İkinci dalğa qaçılmaz deyil. Lakin getdikcə məhdudiyyətləri qaldıran ölkələrin sayı çoxalır və COVID-19 infeksiyasının ikinci dalğa təhlükəsi var. Yoluxmalar dayandırılmasa, ikinci dalğa gələ və çox dağıdıcı ola bilər”, - deyə H.Kluqe qeyd edib.

Onun sözlərinə görə, dünya ölkələri ilin əvvəlindən epidemiyaya qarşı mübarizədə çox şey öyrəniblər:

“İlk dalğadan sonra çox şey öyrəndik, bu yaxşıdır. Yeni dalğalar ortaya çıxsa, daha yaxşı hazırlaşmış olacağıq, hansı tədbirlər görməyi, necə hazırlaşmağı biləcəyik”.

O, qeyd edib ki, məhdudiyyətləri tədricən və ehtiyatla aradan qaldırmaq, eyni zamanda vəziyyətlə bağlı mütəmadi monitorinqlər aparmaq lazımdır.