Səfər Əbiyev yenə ağır ittiham qarşısında
Səfər Əbiyev yenə ağır ittiham qarşısında

Müdafiə Nazirliyində mənzil maxinasiyaları barədə sensasion iddialar ortaya çıxdı

Ötən ilin dekabrında ölkə rəhbərliyinin 20 təqvim ili xidmət etmiş hərbi qulluqçulara mənzil verilməsi ilə bağlı verdiyi sərəncama məhəl qoyan yoxdur. Bu barədə hərbi mənbələrdən məlumat verilib.
"Müdafiə Nazirliyi 74 hərbi qulluqçuya mənzil verməklə işini bitmiş hesab etmiş oldu. Bununla da yüzlərlə hərbi qulluqçunun ümidlərinin üstündən xətt çəkildi. Halbuki sərəncamda açıq göstərilirdi ki, 20 il qüsursuz xidmət etmiş hərbi qulluqçulara mənzil verilsin. Deyə bilərlər ki, bu qədər zabiti birdən-birə mənzil orderi ilə təmin etmək mümkün deyil. Amma bunlar hamısı bəhanədir. Necə olur ki, Ermənistanın illik düdcəsinin Azərbaycanın hərbi büdcəsi qədər olduğunu deyən hökumət yalnız 74 zabitə mənzillərin orderini verdiyi halda, həmin acından ölən Ermənistan 330 zabitə ev verir. Yaxud da necə olur ki, büdcəsi milyonlarla ölçülən Dövlət Sərhəd Xidməti nəinki 20 il
qulluq edənləri hətta xidmətə yeni gələn zabitləri dərhal mənzillə təmin edə bilir, amma büdcəsi milyardlarla ölçülən Müdafiə Nazirliyi bunu edə bilmir", - deyə mənbə bildirib.
Məlumatlarda bildirilir ki, 5 ay əvvəl zabitlərə 312 xidməti ev verildiyi bəyan edilsə də, bu, əslində həqiqətəuyğun informasiya deyil. Belə ki, bu ilin iyun ayının Müdafiə Nazirliyinin yeni yaşayış kompleksinin açılışı barədə mətbuata açıqlama verildi, "Lider" televiziyası ilə üzü-üzə olan iki doqquz mərtəbəli binada hərbiçilər üçün bütün lazım olan şərait yaradıldığı bildirildi. Həmin zaman bütün telekanallarda və mətbuat vasitələrində rəsmi qaydada bildirildi ki, ümumi yaşayış sahəsi 30 min kvadratmetr olan birinci binadakı mənzillərin 184-ü üç, 20-si isə bir otaqdan, 18 min kvadratmetrə olan ikinci binanın 105-i üç, 3-ü isə iki otaqdan ibarətdir. Ancaq məsələ burasındadır ki, Müdafiə Nazirliyi bu günə qədər zabitlərə müvəqqəti olaraq verilən həmin xidməti mənzilləri paylamayıb. Yəni açıq-aşkar zabitlərə yalan deyilib".
Mənbələr bildirirlər ki, istənilən jurnalist və ya vətəndaş araşdırma aparıb bunu görə bilər. İnanmayanlar əvvəl bu linki vuraraq http://www.azertag.gov.az/node/970970 "Azərtac"ın saytında 22 iyunda getmiş videoya baxa, sonra isə axşam hava qaralandan sonra "Lider"TV ilə üzbəüz olan binaların qarşısına gedə bilər: "Görün orda iki mənzilin pəncərəsindən başqa hansısa pəncərədə işıq yanırmı və ya orada yaşayış varmı? Zabitlərə mənzillərin paylanmaması ilə bağlı isə müxtəlif şaiyələr gəzir. Gah deyirlər ki, sözügedən binalar keyfiyyətsiz tikilib və fundamentində çat əmələ gəldiyindən mənzillər paylanılmır. Gah da deyirlər ki, mənzillərin paylanılmasını ona görə qəsdən uzadırlar ki, onlar seçmə zabitlərə veriləcək".
Mənbə həmçinin bildirir ki, 20 təqvim ili xidmət etmiş hərbi qulluqçulara verilən 74 evdən 17-si üçün order verilsə də həmin zabitlərə mənzil hələ də verilməyib. Eyni zamanda ikinci mərhələdə 900 nəfər növbədə gözləsə də ortada heç nə yoxdur.
Günel Əkbər