“Azərbaycan dövləti koronavirus pandemiyası ilə bağlı mübarizədə əsas amil kimi ölkə vətəndaşlarının sağlamlığını götürüb. Son dövrlər həyata keçirilən tədbirlər də buna əyani sübutdur”. 

Bu fikirləri Unikal.org-a açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı bildirib. O deyib ki, cənab Prezident dövlət büdcəsinə nə qədər ziyan dəysə belə, dövlətin siyasətinin təməlində Azərbaycan vətəndaşının sağlamlığının dayandığını bəyan edib: “Heç şübhəsiz ki, ölkə iqtisadiyyatına müəyyən zərər dəydi,  amma Cənab Prezidentin iradəsi ilə vətəndaşın sağlamlığı əsas götürüldü. Son bir neçə ayda kifayət qədər iş görülüb. Maska istehsal edən müəssisə işə salındı, spirt təminatı  qaydaya salındı, eləcə də modul tipli xəstəxanaların quraşdırılması üçün vəsait ayrıldı. Dildə bunları söyləmək çox asandır. Amma dövlət büdcəsinə vəsaitlərin gəlmədiyi bir şəraitdə dövlətimiz bunları etdi. Yəni, ilk növbədə vətəndaşın sağlamlığı qorundu və böyük məharətlə iqtisadi, sosial layihələr üçün də vəsait ayrıldı. İyunun 9-da üç modul tipli xəstəxananın açılışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı hər bir vətəndaşa örnək olmalıdır. Hesab edirəm ki, vətəndaşlarımız ondan ibrət almalıdırlar”. 

Millət vəkili onu da deyib ki, hazırkı ağır durumdan çıxmaq üçün vətəndaş hökumətin tələblərinə cavab verməlidir və tövsiyyələrə riayət etməlidir. Onun sözlərinə görə, hökumət özündən asılı olan hər şeyi edir: “Amma çox şey vətəndaşdan asılıdır. Vətəndaş Operativ Qərargahın tövsiyyələrinə ciddi şəkildə riayət etməlidir. Vəziyyətin belə davam etməsi həm ölkə iqtisadiyyatına ziyan gətirir, həm də vətəndaşın dolanışığına çətinlik yaradır. Biz mütəşəkkil olmalıyıq. Biz mütəşəkkil olsaq, qoyulan tələblərə əməl etsək, virusun yayılma dərəcəsi aşağı düşər və tezliklə pandemiyadan qurtularıq. Vətəndaşlar məsuliyyətli olmalı, tələbləri yerinə yetirməlidir. Biz dünyada nəyin baş verdiyini ciddi şəkildə başa düşməliyik. Ona görə də daha çox məsuliyyətli olmalıyıq”.

Murad İbrahimli