"Son dövrlərdə Milli Şura və AXCP rəhbərliyinin iştirakı ilə keçirilən videokonfranslardan yayılan görüntülər bu adamların hansı əqidəyə, hansı mədəniyyətə sahib olduqlarını çılpaq şəkildə ortaya qoydu".

Bu sözləri Unikal.org-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə deyib. O bildirib ki, Milli Şuranın üzvləri çox aşağı səviyyədə müzakirələr aparırlar:
"Onlar ayrı-ayrı siyasi təşkilatlar, cəmiyyətdə nüfuza malik olan şəxsləri özlərinə hədəf seçiblər. Orada qeyri-etik ifadələrdən istifadə olunur. Mən dəfələrlə demişəm, bizim Siyasi Şuranın iclasında bir kəlmə belə etikadan kənar söz işlədilmir. Xüsusilə də, hər təşkilatda qadınlar var və onların olduğu yerdə fundamental xüsusiyyətlərimiz də var. Müzakirələr də sivil qaydada aparılmalıdır".

Arzuxan Əlizadə

AMİP rəhbəri eyni zamanda, Milli Şura üzvlərinin danışıqlarını küçə söhbəti adlandırıb: "Maraqlısı ondan ibarətdir ki, bu təşkilatlarda qrup halında toplaşmış insanların böyük əksəriyyəti vaxtı ilə hakimiyyətdən çox yüksək səviyyədə yararlanıblar, dəfələrlə parlamentə deputat kimi təyin olunublar. İndiki hakimiyyəti də necə ifrat səviyyədə təbliğ etdiklərinin şahidi olmuşuq. Bu təbliğatları ilə onlar Azərbaycan vətəndaşlarını özlərindən aşağı səviyyədə olduqlarını hesab edərək insanları təhqir ediblər. 
Əgər onların rəhbərləri "Facebook"da fırtına yaratmağı qarşılarına böyük bir məqsəd kimi qoyublarsa, həmin şəxslərin hansı təfəkkürdə olduqları artıq şübhə doğurmur. Çox təəssüflər olsun ki, vaxtı ilə hakimiyyətdən yararlanan bu insanlar artıq fundamental dəyərlərimizə uyğun olmayan təşkilatlar tərəfindən maliyyələşən qrupa çevriliblər.
Onlar ölkə daxilində təhqir etdikləri insanlardan üzr istəmədilər, buna baxmayaraq gedib milli dəyərlərimizə uyğun olmayan təşkilatdan üzr istəməyi özlərinə ar bilmədilər. Mən onların verilişlərinə də heç fikir vermək istəməzdim, amma fikir verməmək də olmur. Mən belə hesab edirəm ki, onlar artıq siyasətdə bitmiş adamlardırlar və yalnız özlərinin şəxsi maraqlarından çıxış edərək bir yerə toplaşıblar".

Hüseyn İsgəndərov