“Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılmış tibbi maska istehsalı müəssisəsində bu günədək 4 mln ədəd tibbi maska istehsal edilib. İstehsal edilmiş 2 mln ədəd tibbi maska satılıb, qalanı isə ehtiyatda saxlanılır”.

Unikal.org xəbər verir ki, bu barədə müəssisənin təsisçisi Səkinə Babayeva bildirib.

Onun sözlərinə görə, müəssisə gündəlik təlabata uyğun məhsul istehsal etmək gücünə malikdir: “Müəssisəyə xammal Türkiyədən gətirilir və yüksək keyfiyyətə malikdir”.

S.Babayeva tibbi maska ixracı ilə bağlı məsələyə münasibət bildirib: “Brazilyadan, Almaniyadan tibbi maska idxalı ilə bağlı təkliflər almışıq. Lakin əsas hədəfimiz daxili təlabatı ödəməkdir. Ölkədə təlabat ödənildikdən və ehtiyat fondu yaradıldıqdan sonra, tibbi maskaların xaricə satışına icazə verildikdən sonra ixracla bağlı məsələni nəzərdən keçirəcəyik”.

Qeyd edək ki, aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışı olub. İstehsalçıya İqtisadiyyat Nazirliyinin yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən 1,2 milyon manat məbləğində güzəştli kredit verilib. Müəssisənin yaradılması üçün ümumi investisiya xərcləri 3,9 milyon manat təşkil edir.