Bu gün "Qarabağ" və "Səbail" komandaları arasında yoxlama oyunu keçirilib.

Unikal.org-un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşma Ağdam təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Məlumat üçün qeyd edək ki, oyun tərəflərin qarşılıqlı razılığı əsasında 90 deyil, 120 dəqiqə davam edib.

Görüşdə hesabı 7-ci dəqiqədə qonaqlar açıblar. "Dənizçilər"in heyətində gənc futbolçu Bahadur Həziyev fərqlənib. 24-cü dəqiqədə isə "köhlən atlar" hesabı bərabərləşdiriblər. Mahir Emreli qapıçıdan qayıdan topu tora qovuşdurub. Hissənin sonlarında Ovusu Kvabena cərimə zərbəsindən vurduğu qolla "Qarabağ"ı önə çıxarıb - 2:1. İlk yarı bu hesabla başa çatıb.

İkinci hissə də "Qarabağ"ın üstünlüyü ilə keçib. 86-cı dəqiqədə ağdamlılar fərqi artırıblar. Qara Qarayev uzaq məsafədən baxımlı qol vurub.

30 dəqiqədən ibarət 3-cü hissədə də üstün tərəf "Qarabağ" olub. Bunun məntiqi nəticəsi kimi Qurban Qurbanovun baş məşqçi olduğu komanda 116-cı dəqiqədə növbəti dəfə qonaqları məyus edib. Filip Ozobiçin qolu yekun hesabı müəyyənləşdirib - 4:1.

Paralel keçən digər oyunda isə "Sabah" "Bank Respublika Arena"da "Zirə" ilə üz-üzə gəlib. 90-cı dəqiqədə Ceyhun Nuriyevin qolu meydan sahiblərinə minimal hesablı qələbə qazandırıb

Qeyd edək ki, günün ilk qarşılaşmasında "Neftçi" "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəlib.