Avropa İttifaqından Azərbaycana daha bir jest
Avropa İttifaqından
Azərbaycana daha bir jest
Qabil Hüseynli: "Avropa İttifaqı Dağlıq Qarabağ probleminin həllində səmimi mövqe tutmur"

Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Belçika Krallığına səfər edib. XİN-in mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində keçirilmiş Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Komitəsinin 13-cü iclasına Azərbaycan tərəfdən M. Məmməd-Quliyev, Avropa İttifaqı tərəfindən isə Xarici Fəaliyyət Xidmətinin Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya, ATƏT və Regional əməkdaşlıq üzrə direktoru Qunnar Viqand həmsədrlik ediblər.
Əməkdaşlıq Komitəsinin 13-cü iclasında Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin bütün aspektləri, gələcək əməkdaşlıq imkanları və Ermənistan - Azərbaycan münaqişəsinin nizamlanmasına dair fikir mübadiləsi aparılıb, Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı formatında aparılmış fəaliyyət və gələcəkdə görüləcək işlər müzakirə olunub.
Tərəflər Aİ - Azərbaycan arasında aparılan Assosiasiya, eləcə da readmissiya və viza sadələşdirilməsi sazişləri üzrə aparılan danışıqlarda əldə olunmuş nailiyyətləri vurğulayıb və bu müzakirələrin davam etdirilməsinin vacibliyini qeyd ediblər. Eyni zamanda Aİ ilə Azərbaycan arasında enerji və nəqliyyat, habelə təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Aİ nümayəndələri Avropanın enerji təhlükəsizliyi və enerji daşıyıcılarının diversifikasiyasında, eləcə də Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasında Azərbaycanın mühüm dayaqlardan biri olduğunu xüsusi vurğulayıb və bu xüsusda TANAP layihəsinin əhəmiyyətini yüksək qiymətləndiriblər.
Səfər çərçivəsində xarici işlər nazirinin müavini M. Məmməd-Quliyev həmçinin, Genişlənmə və Qonşuluq siyasəti üzrə Avropa Komissarı Ştefan Füle, Avropa Komissiyasının Ticarət Siyasəti üzrə Baş Direktorluğunun direktor müavini Peter Balaş və Belçika Xarici İşlər Nazirliyinin Baş katibi Dirk Axten ilə ikitərəfli görüşlər keçirib.
Avropa Komissarı Ştefan Füle ilə görüşdə Azərbaycanda demokratiyanın vəziyyəti, korrupsiyaya qarşı mübarizə, insan hüquqları və mətbuat azadlığının gücləndirilməsi istiqamətində Hökumət tərəfindən atılan addımlarla bağlı fikir mübadiləsi aparılıb. Ştefan Füle Avropa İttifaqı - Azərbaycan münasibətlərində dialoqun intensivləşdirilməsindən məmnun olduğunu, viza rejiminin sadələşdirilməsi istiqamətində aparılan danışıqlarda irəliləyişin müşahidə olunmasını, enerji sahəsində strateji tərəfdaşlığın möhkəmlənməsini, eləcə də hökumətimiz tərəfindən insan hüquqları və demokratiya sahəsində son aylar ərzində müsbət addımların atıldığını və əlbəttə ki, bu sahədə daha da böyük irəliləyişin əldə edilməsinin mümkün olduğunu vurğulayaraq, ümumiyyətlə Aİ və Azərbaycan arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlığın bundan sonra da gücləndirilməsi üçün kifayət qədər potensialın olduğu bildirilib.
Avropa Komissiyasının Ticarət Siyasəti üzrə Baş Direktorluğunun direktor müavini Peter Balaş ilə görüşdə Aİ ilə Azərbaycan arasında ticarət dialoqunun gücləndirilməsi, iqtisadi münasibətlərinin bundan sonra daha sürətlə inkişaf etdirilməsinin perspektivləri, eləcə də ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzvlük prosesi ilə bağlı məsələlər müzakirə olunub.
Belçikanın Xarici İşlər Nazirliyinin baş katibi Dirk Axten ilə keçirilən görüşdə ölkələrimiz arasında ticarət və təhsil sahələrində əməkdaşlığın gücləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb və əməkdaşlıq dialoqunun yeni səviyyəyə qaldırılması zərurəti qeyd edilib.
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, "Avropa İttifaqının bır çox məsələlərdə Azərbaycana yanaşma tərzi, həqiqətən də, səmimidir və qarşılıqlı əməkdaşlığın inkişafına yönəlib. Çünki Avropa İttifaqı bir tərəfdaş kimi Azərbacanın geopolitik əhəmiyyətini yaxşı anlayır və bu amildən maksimum dərəcədə fayda götürməyə cəhd göstərir. Məlum olduğu kimi, hazırda Avropanı narahat edən əsas məsələlərdən biri enerji təhlükəsizliyi problemidir və Rusiya öz əlindəki rıçaqlardan yararlanıb Avropaya təzyiqlər göstərməyə səy edir. Bu qarşıdurmada Avropanın güvəndiyi əsas partnyorlardan biri də Azərbaycandır".
Bununla belə, politoloq hesab edir ki, "Bütün sadaladıqlarıma rəğmən, Avropa İttifaqı Dağlıq Qarabağ probleminin həllində səmimi mövqe tutmur. Aİ bu müstəvidə tam bir xristian həmrəyliyi nümayiş etdirir və işğalçı Ermənistan dövlətini öz adı ilə çağırmaqdan yayınır. Yəni Avropa qurumları bu yömndə Azərbaycana xeyli dəstək vermək gücündədir, amma bilərəkdən bu dəstəkdən yayınır".
Şakir