İsmət Abbasovun "taxıl optimizmi"nə zərbə
İsmət Abbasovun "taxıl optimizmi"nə zərbə

Nazirin bu il bolluq olacağı ilə bağlı dediklərinə inanan yoxdur

"Buğda sahəsində Azərbaycanda heç bir problem olmayacaq". Bu barədə kənd təsərüfatı naziri İsmət Abbasov açıqlama verib. Onun sözlərinə görə, taxıl istehsalının miqdarı 4-5 faiz artıb.
800 min hektar əkin sahəsindən 570 min hektarı buğda, 230 min hektarı arpa istehsalının payına düşür. Nazirin sözlərinə görə, ərzaq buğdasına olan təlabatın təmin edilməsi məqsədilə Taxıl Fondunda 500 min ton həcmində taxıl ehtiyatı yaradılıb.
İş adamlarının xaricdən buğda gətirməsi ilə bağlı müqavilələrin olduğunu da qeyd edən İ.Abbasov yerli fermerlərə keyfiyyətli toxum və mineral gübrələrdən istifadə etməyi tövsiyyə edib. Bildirib ki, fermerlər nəzərdə tutulan aqrotexniki tədbirləri lazımi qaydada həyata keçirsələr, Azərbaycan özünü ərzaq buğdası ilə tam təmin edəcək.
Əslində İsmət Abbasovun dediklərində yeni və qekyri-adi heç nə yoxdur. Biz az qala hər il dövlət nümayəndələrinin bu cür çıxışlarının şahidi oluruq. Taxıl
Fondunda kifayət qədər ehtiyatın olduğu bildirilsə də, il ərzində çörəyin bahalaşmasını və ya çəkisinin azalmasını müşahidə edirik. Qiymətləri idxal olunan ərzaq buğdasına ƏDV tətbiq etmək və ya ləğv etmək yolu ilə tənzimləyən hökumətin statistikasına inansaq, bu il keçən ilkindən daha məhsuldar olub, gələn il istehsal bir qədər də artacaq, kimi qənatə gəlmək olur.
Xüsusilə kənd təsərrüfatı nazirinin hər il taxılın bol olacağı barədə optimizmi artıq adiləşib. İsmət Abbasov hər dəfə hansısa taxıl bolluğundan bəhs edir, amma çox keçmir ki, buna cavab olaraq unun bahalaşdığı, taxılın və çörəyin qiymətinin artdığı xəbərləri gəlir. Bax o zaman "madam ki, məhsul boldur, bəs bu qiymət artımları haradan qaynaqlanır" sualına media olaraq çox cavab axtarsaq da, səylərimiz nəticəsiz qalır: dünənədək bolluqdan danışanlar bu gün halıq haqqında nədənsə susurlar.
Həm də İsmət Abbasovun "taxıl bolluğu ilə bağlı optimizm"inə güvənməyən, onu ciddi qəbul etməyən yalnız KİV olaraq bizlər deyilik. Elə müstəqil iqtisadçı ekspertlər də oxşar düşqüncədədirlər.
İsmət Abbasovun son bəyanatından sonra əzi iqtisdçı-ekspertlər kənd təsərüfatı nazirinin ötən il də iki milyon taxıl istehsal edildiyi haqqında bəyanatını xatırlatdı. Amma xaricdə taxılın qiyməti bahalaşan kimi bizdə də qıtlıq, böhran müşahidə olundu. "Kənd təsərüfatı naziri taxılın həcmi ilə bağlı bəyanatlar verir, amma istehsal olunan taxılın növlər üzrə miqdarı, keyfiyyəti ilə
bağlı rəqəmləri açıqlamır. Bildirmir ki, taxılın nə qədəri çörək və un istehsalı üçün yararlıdır. Taxılın hansı hissəsinin iri istehsalçılardan, hansı hissəsinin kiçik fermerlərdən alındığı bildirilmir, statistika cəmiyyətə açıqlanmır. Bunlara cavab tapılmayınca, vəziyyəti şərh etmək və təqdim olunan rəqəmlərin nə qədər reallığı əks etdirməsini üzə çıxarmaq çətindir" - bunu da biz yox elə iqtisadçı-ekspertlər öz açıqlamalarında deyirlər.
Ekspertlər qeyd edirlər ki, Taxıl Fondunun ehtiyatlarının da neçə faizinin yerli fermerlərdən alındığı məlum deyil. Onların sözlərinə görə, fermerlərin böyük əksəriyyəti öz məhsullarını satışa çıxara bilmir, özləri un və ya yarmaya çevirərək istehlak edirlər. Bu da kənd yerlərində istehsal olunan taxılın keyfiyyətli olmamasından xəbər verir. Nəticədə isə əhalinin bir qismi keyfiyyətsiz məhsul istehlak etməli olur.
Bütün bu arqument və faktlardan sonra özünüz deyin: İsmət Aasovun "taxıl bolluğu" ilə bağlı optimizminə inanmaq, onu bölüşmək mümkündürmü?!
Azər Aslan