Nəsib Məhəməliyevdən şikayətlər niyə azalmır?
Nəsib Məhəməliyevdən şikayətlər niyə azalmır?

Elə ay yoxdur ki, Nəsimi rayonu icra başçısından yuxarılara müraciət edilməsin

Azərbaycanda ən çox narazılığın şəhər və rayon icra başçılarından olduğu mövzusunda yəqin ki, mübahisə etməyə dəyməz. Elə dövlət qurumlarına şikayətlərin mətbu monitorinqini apardıqda da bun dərindən əmin oluruq.

Nəsimi rayon icra başçısı Nəsib Məhəməliyev isə son vaxtlar ümumiyyətlə, ölkə mətbuatının sözün həqiqi mənasında "qəhrəman"ına çevrilib. Paytaxtın adıçəkilən rayonunun sakinlərindən elə bir ay yoxdur ki, icra başçısı ilə əlaqədar "yuxarılar"a şikayət edildiyi bilgisi gəlməsin.
Dünən də internet resurslarında belə şikayətlərdən yenisi haqqında məlumat verilib. Məlumata görə, Bakının Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 69 və Mirbəşir Qasımov küçəsi 8 ünvanlarında yaşayan 30-a yaxın sakin yüksək dövlət qurumlarına ünvanladıqları şikayətlərində bildiriblər ki, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev onların yaşadıqları ünvanlarakı evlərin qarşısında yaşıllıq zolağını dağıdaraq özünə şəxsi ofis binası tikdirmək istəyir. "Biz sakinlər bu ünvanda belə tikintinin aparılmasına qəti etirazımızı bildiririk və ümidvarıq ki, ölkəmizin səlahiyyətli şəxsləri onun bu qanunsuz hərəkətinə öz münasibətini bildirəcək. Bir daha sizdən xahiş edirik ki, bizim qapı və pəncərələrimizin bir addımlığında onu qapayaraq bizi gün
işığından məhrum edən, sağlamlığımıza və səhhətimizə mənfi təsir göstərə biləcək bu qanunsuz tikintinin qarşısını alasınız" deyə sakinlərin müraciətində vurğulanıb.
Qeyd edək ki, qarşıdan prezident seçkiləri gəlir və belə bir həssas dövrdə icra strukturlarının vətəndşları narazı salacaq, incidəcək davranışlardan uzaq durması vacibdir. Əks halda bu, onların hökumətə qarşı münasibətini dəyişdirməkdən başqa bir şey demək deyil.
Ötən illərin təcrüəsi isə göstərir ki, məhz seçkilər ərəfəsində vətəndaşlardan daha çox şikyətlərin gəldiyi məmurlar əfv edilmir, onların görəvinə son verilməsi qaçılmaza çevrilir.
Bunu da Nəsib Məhəməliyevə xatırlatma etmək üçün yazdıq. Ondan Nəsimi sakinlərin şikayət xarakterli müraciətləri indiki temp və sürətlə davam edərsə, adıçəkilən icra başçısının yuxarıda vurğuladığımız aqibətlə üzləşmək ehtimalının kifayət qədər yüksək olduğuna şübhə qalmır.
Ülviyyə Qasımlı