“Seçicilərin haqlı narazılıqları haqqında dəfələrlə müvafiq orqanlara rəsmi müraciətimə baxmayaraq, çox təəsüf ki, bu günə kimi bu problemlər həllini tapmayıb”

Unikal.org xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında çıxış edən deputat İqbal Məmmədov deyib:

“Təmsil etdiyim Lerik rayonu ölkəmizin dağlıq relyefinə malik rayonlarından biridir. Rayonumuzun ən böyük problemlərindən biri yol məsələsidir. Təəssüf hissi ilə qeyd edim ki, 17 yaşayış məntəqəsini birləşdirən 9 min nəfərdən yuxarı əhali yaşayan Əliabat-Kiravüd-Vamazqon avtomobil yolunun, 14 yaşayış məntəqəsini birləşdirən 10 min nəfərdən çox əhalinin yaşadığı Piran-Küçəkəran-Veri avtomobil yolunun, 9 yaşayış məntəqəsini birləşdirən 8 min nəfər əhalinin yaşadığı Lerik-Mastail-Livədirgə-Laman avtomobil yolunun tamamilə yararsız vəziyyətdə olması ölkəmizin qət etdiyi inkişaf yoluna yaraşmayacaq səviyyədədir. İki qonşu rayon olan Lerik və Yardımlı arasında tarixən abad yol olmadığını da diqqətinizə çatdırmaq istəyirəm. Bir körpü və 4 km bərbad yol olması ucbatından aralarında 25-30 km məsafə olmasına baxmayaraq, əhali 180 km Lerik-Lənkəran-Masallı-Yardımlı dairəvi yolunu qət edir. Digər məsələ isə Lerik əhalisinin fasiləsiz elektrik enerjisi ilə təminatıdır. Lerik rayonunun ərazisində elektrik xəttləri əsasən ötən əsrin 60-cı illərində çəkilib. Ona görə də həmin elektrik xəttləri və ağac dirəklərinin istismar müddətini artıq başa çatıb.

Bununla əlaqədar da etdiyim müraciətlərə baxmayaraq aidiyyatı qurumlar tərəfindən müsbət addım atılmayıb.

Biz seçicilərimizin inam və etibarını itirməməliyik, onların bizə olan ümidini doğrultmalıyıq. Buradan aidiyyəti təşkilatlara səslənib bu işlərin həyata keçirilməsindən ötrü növbəti illərin dövlət investisiya proqramlarına daxil edilməsi və icrasından ötrü maliyyə vəsaitinin ayrılmasını xahiş edirəm”.