Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin Baş katibi Şeyxülislam Allahşükür Paşazadənin ABŞ prezidenti Donald Trampa İranda koronavirus pandemiyasının və mövcud sanksiyaların yaratdığı humanitar problemlərlə bağlı ünvanladığı məktuba cavab gəlib.

İdarədən Unikal.org-a verilən məlumata görə, müraciətə rəsmi cavab ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Örl Litzenberqer tərəfindən iyunun 11-də verilib.

Qeyd edilir ki, məktubda A.Paşazadənin məsələ ilə əlaqədar narahatlığını ifadə edən mövqeyi dəyərləndirilib.

“Biz İran xalqı üçün dünya ictimaiyyətinin narahatlığını bölüşürük. Prinsip olaraq sanksiya proqramlarımız İranla xoşniyyətli, humanitar sahə ilə bağlı ticarət, yardım və fəaliyyətləri hədəf almır və ya hansısa şəkildə məhdudlaşdırmır”, - deyə cavabda bildirilir.

Məktubda, həmçinin Birləşmiş Ştatların Azərbaycanın öz müstəqilliyini əldə etdikdən sonra onu dəstəklədiyi və gələcəkdə də tərəfdaşlığın davam etdirilməsində maraqlı olduğu vurğulanıb.