“Dağlıq Qarabağ problemi dünya gündəmindədir. Onun həlli məsələsi vaxtaşırı böyük dövlətlər arasında  müzakirə edilir”.

Bu sözləri Unikal.org-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, BMT Təhlükəsizlik Şurası Azərbaycanın ərazi bütövlüyü ilə bağlı fikirlərini eşidir, amma təəssüf ki, problem hələ də həll edilmir:

“Bunun səbəbi heç də Azərbaycanda deyil. Təəssüf ki, Ermənistanın işğalçılıq siyasətinə birbaşa olaraq işğalçısan deyən dövlətlərin sayı çox azdır. Dünya siyasətində ikili münasibət var. Bir tərəfdən  Azərbaycan ərazi bötövlüyünü tanıyırlar, digər tərəfdən Ermənistanla Azərbaycan arasında problemin ancaq danışıqlar yolu ilə  davam etməsini təkid edirlər və Ermənistana qarşı hər hansı bir sanksiya yoxdur. Biz Ermənistanı pisləməyi böyük dövlətlərdən görmürük. Azərbaycan gözləmək fikrində deyil. Silahlı Qüvvələrimiz Azərbaycan qətiyyətli siyasəti ilə Ermənistanı daima narahat vəziyyətdə saxlamışdır. O gün olmur ki, Ermənistan mətbuatında  Azərbaycanın hərbi qüdrəti ilə bağlı məqalələr çap olunmasın. Hətta Azərbaycanın hərbi təlimlər keçirməsi Ermənistanın böyük dövlətlərə yalvarış dolu müraciətləri və qorxu hisslərinə səbəb olur. Azərbaycan öz üzərinə düşən vəzifəni yerinə yetirir və bu məsələdə kompramisə getmir. Hesab edirəm ki, bu çox davam edə bilməz, necəki 2016-cı ilin aprel hadisələri Azərbaycanın gücünü və bu problemi uzatmaq istəmədiyini göstərdi. Ermənistan gec tez yenə də Azərbaycandan öz cavabını almalıdır”.

Dürrə Həsənli