“Ədəbiyyat da az qala kommersiyaya çevrilib”
“Ədəbiyyat da az qala kommersiyaya çevrilib”

Rəbiqə Nazimqızı: “Bu günki ədəbi tənqid məni qane eləmir”

Rəbiqə Nazimqızı müasir poeziyamızın orijinal simalarından biri olmaqla bərabər həm də maraqlı düşüncə tərzinə sahib ziyalıdır. Şairənin imzası respublikamızdan kənarda da yaxşı tanınır. Onunla bu günki şənbə söhbətimiz müasir Azərbaycan ədəbi prosesinin qayğıları və problemləri barədə olacaq.

-Rəbiqə xanım, bütöv halda yanaşanda bu günki ədəbi prosesimizdə Sizi ən çox narahat edən hansı məsələlərdir?
-Azərbaycanda hazırda gəlişməkdə olan müasir ədəbi prosesdə məni bir neçə məqam daha çox narahat edir. İlkin olaraq, söhbət ədəbi mətnlərin yazılmasından gedirsə, buna görə o qədər də narahat deyiləm. Mətnin pisi də, yaxşısı da ola bilər və bu, təbiidir. Ümumiyyətlə, ədəbi praktikada bu hal normal qəbul edilir və belə də olmalıdır. Buna görə də məni ortada olan hansısa səviyyəli mətnlər deyil, daha çox bu mətnlərə yanaşma tərzi, bu yanaşmanın motivləri və prinsipləri əndişələndirir. Ədəbi mətnə qeyri-ciddi münasibət, mətndə müəllifin yaşantılarını axtarmaq və yaxud xırdaçılıqlara varıb hansısa orfoqrafik səhvlərə diqqət yetirmək... Əsas mətləb, mətnin poetik özəllikləri qalır bir kənarda və internet istifadəçiləri belə xırdaçılıqlara daha çox vaxt ayırırlar. Və acınacaqlısı odur ki, oxucu istifadəçilər bunu çox zaman bilərəkdən edirlər. Tutaq ki, ədəbiyyat nümunəsinə daha çox relaks kimi yanaşırlar. Mətnlər üzərində bir az zarafat eləmək, bir az da onunla oynamaq istəyirlər. Bunu başa düşürəm, adamlar bir az da darıxırlar, amma bu cür meyllər ədəbiyyata münasibət baxımından yaxşı hal deyil. Məni qayğılandıran digər bir məsələ sırf yazıçılıqla məşğul olanların bir-birinə münasibətidir. Bu günlərdə yazarlardan birinin müsahibəsini oxudum. “Kimləri daha çox oxuyursunuz?” sualına cavab verəndə onun çəkdiyi adlara baxdım, baxdım və gördüm ki, bu adamın ancaq özünə şəxsən yaxın olanların adlarını çəkib. Sözün düzü, belə faktlarla rastlaşanda bir az hirslənirəm, qıcıqlanıram. Bu, xeyli ədalətsiz yanaşmadır. Yazarlarımızın bir-birlərinə münasibətləri də məni qane eləmir. Saytlarda, qəzetlərdə, telekanallarda izləyə bildiyim mənzərə mənə bu qənaətə gəlməyə əsas verir. Yazarlar bir-birlərinə çox hörmətsiz şəkildə yanaşırlar. Mətnlər üzərindən deyil, daha çox şəxsi motivlər üzərindən bir-birlərinə yanaşma sərgiləyirlər. Düzgün deyil belə yanaşma, belə tərz.
-Ötən əsrin 70-80-ci illərində ədəbi tənqidimiz ədəbi proseslə çiyin-çiyinə getməyi, ədəbi prosesin problemlərini sistemli şəkildə incələməyi və ədəbiyyata dayaq olmağı bacarırdı. Bu gün necə, ədəbi tənqidlə ədəbi proses arasında səmimi və professional əməkdaşlıq müşahidə olunurmu?
-Yox, demək olar ki, müşahidə olunmur. Düzdür, bir sıra tənqidçilər ədəbi proseslə bağlı mütəmadi olaraq yazılar yazırlar. Məsələn, Elnarə Akimova yazır, Tehran Əlişanoğlu yazır, Əsəd Cahangir, Cavanşir Yusifli, Vaqif Yusifli yazır. Amma söhbət ondan gedir ki, bu günki ədəbi tənqid məni qane eləmir. Məsələ onda deyil ki, məni tənqid edirlər və yaxud tərifləyirlər. Tənqidçilər məni daha çox tərifləyirlər. Amma dərd burasındadır ki, tərifləyəndə də poetik kriteriyalar üzərindən tərifləmirlər. Yazırlar ki, tutaq ki, şerin ritmi çox gözəldir. Bu “Ritm çox gözəldir” olduqca ümumi ifadədir. Bunu daha da konkretləşdirmək olar. Ümumiyyətlə, mənə elə gəlir ki, tənqidçilərin bəziləri ədəbiyyatı, ədəbiyyat nəzəriyyəsini yaxşı bilmirlər. Tənqidçilərin digər qismi mütaliəlidir, intellekti var, ədəbiyyatı bilir, amma onlar da ədəbi mətnə və bu mətnin müəllifinə qərəzli şəkildə yanaşırlar. Məsələ burasındadır ki, tənqidçilərimiz ədəbiyyatla ayaqlaşa bilərlər. Bayaq dediniz ki, “ayaqlaşa bilirlərmi?” Mənə elə gəlir ki, sadəcə, ayaqlaşmaq istəmirlər. Düşünürlər ki, “Haradan beş manat qazana bilərəm? Kimin barəsində yazıb üçdən-beşdən qazanım?” Təəssüf ki, tənqidçilərimiz bu tip mətləblərə üstünlük verirlər. Gənc tənqidçilərlə bağlı məsələ daha pisdir. Onlar tənqidin adına dəxli olmayan yazılar yazırlar. Saytda işlədiyimə görə bütün bu materialları müntəzəm şəkildə izləyirəm. Ədəbiyyatla bağlı bizə yazılar göndərirlər, amma bu yazıların ədəbiyyata heç bir dəxli yoxdur.
-Yadımdadır ki, 70-80-ci illərin ədəbiyyatında zamanın və məkanın konkret şəkildə təzahür formaları var idi. Kəndindən-kəsəyindən yazan, yolların, dağların ağından-qarasından yazan kim... İllərin təəssüratından yazanlar. Amma bu gün istiqamət dəyişilib, həmin çərçivələr itib. Səncə, bu zamansızlaşma və məkansızlaşma nə ilə bağlıdır?
-Yəqin ki, daha çox qloballaşma ilə bağlıdır. Görünür, ədəbiyyat da bütün dünyaya inteqrasiya eləmək istəyir. Zaman və məkan baxımından baxanda daha çətin olur. Daha peşəkarcasına yazmalısan. Tutaq ki, Azərbaycanda sənin və yaxud hansısa bir dostunun başına gəlibsə, bu, kənardakılara nə dərəcədə maraqlı ola bilər? Yəni Azərbaycandan kənardakılara. Onu elə ustalıqla yazmalısan ki, maraqlandırsın, yəni peşəkarlıq tələb olunur. Bu cür yazmaq bir qədər çətindir. Ona görə də daha çox zamansız və məkansız mətnlərə rast gəlirik. Amma ədəbiyyatda bu, müşahidə edilib. Elə mətnlər var ki, onlarda zaman və məkan konkret şəkildə təzahür eləmir. Mənə elə gəlir ki, zaman və məkan anlayışı nisbi məsələdir. Amma bu da var ki, əcnəbi oxucu Azərbaycan yazıçısının əsərini oxuyursa, orada Azərbaycanla bağlı nəsə axtarır. Amma düşünürəm ki, bu, əsas kriteriya deyil.
-Sizə elə gəlmir ki, bu daha çox indiki yazarın öz içinə çəkilmə və dünyanı bu içdən görmə meyli ilə bağlıdır?
-Yox, o həmişə olub. Yəni içi araşdırma həmişə olub. Siz altmışıncılardan, yetmişincilərdən misal gətirdiniz. Onda sosializmin vaxtıydı və sosializmin konkret tələbləri var idi. Onlar kənd barədə öz istədikləri kimi yazmırdılar, bəlli standartlara əməl etməliydilər. Kolxozdan, sovxozdan, pambıqdan yazmalıydın. Yəni insanın içi arxa plana keçirdi. İndi bu tələblər, məcburiyyətlər yoxdur. İndi daha çox sərbəstsən və insanı da birinci növbədə öz “Mən”u narahat edir. Kənardakı hadisələr belə onun “Mən”indən süzülərək mətnə keçir. Yəni bu, normaldır. Amma yaxşı olardı ki, kənara daha çox müraciət ediləydi. Çünki bir qayda olaraq insanların hamısının içindəki eyni yaşantılardır. Yəni bir az aşağı, bir az yuxarı fərq müşahidə edilir. Hisslər, düşüncələrdə fərq az olur.
-Təmsil etdiyin ədəbin nəslin yaradıcılığında “Biləcəridən o yana keçə biləcək”” nümunələr varmı? MDB-yə və yaxud Avropa məkanına...
-Əlbəttə, var. Son on-on beş ildə “İnostrannaya literatura”, “Drujba narodov” jurnallarında Azərbaycan şairlərinin şerləri mütəmadi şəkildə dərc edilib. Ukraynada maraqlı nəşrlər olub. Təbii ki, burada biz nə göndəririksə, onu dərc edirlər məsələsi deyil. Göndərdiyimiz mətnləri diqqətlə saf-çürük edirlər. Yəni ədəbiyyatımıza maraq var. Rusiyada da, Ukraynada da, digər dövlətlərdə də. Oralarda tanınan imzalar və mətnlərimiz var. Bu baxımdan vəziyyət o qədər də acınacaqlı deyil. Azərbaycanda yaxşı ədəbi mətnlər yaranır, sadəcə olaraq, yaxşı tərcüməçi problemi var. Ölkədə yaxşı tərcüməçilər azdır. Ən ciddi maneələrdən biri də maddi problemdir. Məsələn, gürcü dostlarımız məndən mətnlər istəyiblər. Amma bu mətnlər ingilis, rus və gürcü dillərinə tərcümə edilməlidir, amma bu imkanım yoxdur. Şikayətlənmək kimi çıxmasın, ədəbiyyat da az qala kommersiyaya çevrilib. Pulun olsa, o mətnləri asanlıqla tərcüməçiyə sifariş edə bilərsən ki, “Filan vaxtı mətni mənə təhvil ver”. Amma sən bunu eləyə bilmirsən, qalırsan belə. Yəni bu problem var. Bu yaxınlarda hətta Gürcüstandan sifariş etmişdilər ki, “Biz istəyirik ki, Azərbaycanın gənc şairlərinin agenti kimi çıxış edək, mətnlərinizi göndərin”. Təbii ki, ora göndəriləcək mətnlər tərcümə edilməlidir, buna isə pul tapa bilmədik.
-Deməli, “Başlı başın saxlasındır”. İctimai birliklər, yəni Azərbaycan Yazıçılar İttifaqı və dövlət qurumları gənclərin problemləri ilə maraqlanmır...
-Təbii ki, dəstək yoxdur. Bu günlərdə yaradıcı gənclərlə bağlı bir tədbir keçirildi. Əslində, bu tədbir həm də özündə ədəbiyyatı ehtiva etməliydi. Kino ilə, moda ilə, foto sənəti ilə bağlı bir tədbir idi. Tədbir gənclərin yaradıcılıq sahələrinin hamısını əhatə etməliydi. Mən tədbirlər siyahısına baxdım və orada ədəbiyyatla bağlı heç nə görmədim. O tədbirə böyük pullar ayrılmışdı, Türkan Şoray, Alim Qasımov dəvət edilmişdi. Tədbirdə bir neçə xarici təmsilçilər də iştirak edirdilər. Həmin tədbirdə ustad dərsləri keçirildi. Bir ustad dərsi ilə, aydın məsələdir ki, heç nə həll edilmir. Amma o tədbirə bir xeyli xərc çəkilmişdi. Xarici qonaqların gəlmə və qalma xərcləri, tədbirin öz xərcləri... Düşünürəm ki, daha konkret məsələlərə pul sərf edilsə, daha səmərəli nəticələr əldə etmək mümkündür.
Söhbətləşdi: Savalan