“Bu günlərdə Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrinin video konfrans formatında keçirilən Sammiti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dərin məzmunlu nitqi ilə yadda qalan oldu”.
Bu sözləri Unikal.org-a açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyev deyib.
Dövlət başçısının çıxışındakı mühüm məqamlara istinadən Sammitdə müzakirə olunan məsələlərlə bağlı mülahizələrini bölüşən Ağalar Vəliyev bildirib ki, Avropa İttifaqı ölkələri ilə əməkdaşlıq Azərbaycan dövlətinin xarici siyasətinin əsas prioritetlərindən birini təşkil edir və ölkəmiz Şərq tərəfdaşlığı  üçün  həyati əhəmiyyət daşıyan  mühüm strateji mərkəzdir: “Təsadüfi deyil ki, Azərbaycanla Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb. Dövlət Başçısının Sammitdə vurğuladığı kimi, hazırda Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişinə dair danışıqlar yekun mərhələsindədir və sazişin mətninin 90 faizi artıq razılaşdırılıb. Ona görə də belə bir mərhələdə sammitin keçirilməsi Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin gələcək inkişafı baxımından çox əhəmiyyətlidir”.
Millət vəkili qeyd edib ki, Azərbaycan Avropa bazarlarına xam neft nəql edən etibarlı təchizatçıdır və yaxın zamanda ölkəmiz Avropa İttifaqının üzv dövlətlərini təbii qazla təchiz edəcək: “Bir sözlə, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin gözəl perspektivləri vardır.
2009-cu ildə əsası qoyulan “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində iqtiadiyyatın ən müxtəlif sahələrində əməkdaşlıq yaradılıb və uğurlu nəticələrə imza atılıb. Ötən 11 il ərzində təşkilat dövlətimizin iqtisadiyyatına böyük həcmdə  sərmayələr yatırıb və ölkəmizin əsas ticarət tərəfdaşı olub.
 Eyni zamanda Azərbaycan Şərq Tərəfdaşlığı proqramının 6 üzv ölkəsinin içərisində Avropa İttifaqı ilə həyata keçirilən Tvinninq layihələrinin sayına görə lider mövqeyində dayanır. Bu da onu göstərir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında sıx münasibətlər qurulub və Şərq Tərəfdaşlığı çərçivəsində ölkəmiz qurumla əməkdaşlıqda yüksək nailiyyətlər qazanıb”.
Deputat vurğulayıb ki, məlum işğala və humanitar fəlakətə baxmayaraq, Azərbaycanın son 16 ildə davamlı sosial-iqtisadi inkişafı təmin olunub, ümumi daxili məhsulumuz 3 dəfə artıb, yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə enib: “Bu illər ərzində ticarətimizin təqribən 50 faizi əsas tərəfdaş kimi Avropa İttifaqına üzv olan dövlətlərin payına düşüb. On beş ilə yaxındır ki, Azərbaycan Avropa bazarlarına xam neft nəql edən etibarlı təchizatçıdır. Yaxın zamanda biz Avropa İttifaqının üzv dövlətlərini təbii qazla təchiz etməyə başlayacağıq.
Təbiidir ki, Avropada enerji əməkdaşlığı, təhlükəsizliyi və şaxələndirməsi layihəsi kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin İttifaq bazarlarına inteqrasiya olunacaq 3500 kilometrlik boru kəmərinin təşəbbüskarı və maliyyə təminatçısı ölkəmiz olub.
Ağalar Vəliyev bildirib ki, son ayların qlobal reallığı olan koronavirus pandemiyasına qarşı dövlət başçısının bilavasitə rəhbərliyi altında ölkəmizdə görülmüş tədbirlər vəziyyəti nəzarətdə saxlamağa və itkiləri minimum səviyyəyə endirməyə imkan verib: “Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırıb. Qoşulmama Hərəkatının 120 üzv ölkəsinin yekdil qərarı ilə 2019-cu ildə təşkilata sədr seçilən Azərbaycan bu il mayın 4-də Hərəkatın COVID-19-a həsr edilmiş onlayn formatda Zirvə görüşünü təşkil edib”.  
Milli Məclisin üzvü həmçinin vurğulayıb ki, bir sıra mötəbər beynəlxalq tədbirlərdə olduğu kimi, Prezident Sammitdə Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalının davam etdirdiyini və onun etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini bir daha bəyan edib: “BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb etsə də işğalçı ölkə bu qətnamələrə, habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlərə əməl etmək əvəzinə işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir. Ölkə rəhbərinin təbirincə ifadə etsək, danışıqların mahiyyət və formatını məhv etməyə çalışan Ermənistanın baş nazirinin dediyinin əksinə olaraq, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır”.
Deputat əlavə edib ki, dünya birliyi, Azərbaycan və Ermənistan ictimaiyyəti Şərq Tərəfdaşlığı ölkələrinin Sammitində Nikol Paşinyanın növbəti dəfə özünü biabır etməsinin şahidi olub. Ermənistan baş nazirinin çıxışı və davranışları bir daha göstərdi ki, o siyasətdə naşı bir adamdır: “Hər kəs aydın şəkildə görürdü ki, Paşinyanın populist çıxışı Ermənistandakı vəziyyət nəzərə alınaraq daxili auditoriyaya hesablanıb.
Lakin siyasi və diplomatik bacarığı olmadığı üçün kobud səhvlərə yol verirdi. Əvvəla onun tədbirdəki çıxışı Paşinyanın dil biliyinin bərbad olduğunu göstərirdi. O, qabaqcadan hazırlanan çıxışını ingilis dilində oxusa da, növbəti fikirlərini erməni dilində ifadə eləməyə çalışdı. Ermənistan baş naziri Sammitdə çıxışı zamanı ingilis dilində kağızdan oxuyarkən beynəlxalq aləmdə qəbul olunan “Naqornıy Karabagh” sözünü işlədir, halbuki ermənicə çıxışında “Artsax” sözünü dilə gətirir.
Bu epizodlar bir daha sübut edir ki, Ermənistan dünyanın 30-a yaxın ölkəsinə, 3 beynəlxalq təşkilatına yardım edən, Avropa İttifaqının rəhbərliyi tərəfindən ciddi tərəfdaş kimi qəbul edilən Azərbaycanla müqayisədə zəif və acizdir. Paşinyan replika atdığı zaman isə özünü və erməni təbliğatını tamamilə ifşa etmiş oldu. Onun Ramil Səfərovla bağlı məsələdə diqqəti yayındırmaq cəhdi də puça çıxdı. Bununla da Paşinyan beynəlxalq səviyyəli tədbirdə Azərbaycan Prezidentinin tarixi həqiqətə əsaslanan tutarlı faktları qarşısında növbəti dəfə mat vəziyyətinə düşdü və özünü biabır etdi”.
 Milli Məclisin deputatı Ağalar Vəliyev vurğulayıb ki, Şərq Tərəfdaşlığı ölkələrinin Sammiti Prezident İlham Əliyevin Azərbaycanın maraqlarını və ədalətli mövqeyini  bütün mötəbər tədbirlərdə yüksək səviyyədə  müdafiə etdiyini bir daha nümayiş etdirdi.   
 
Murad İbrahimli