UFC çempionu Həbib Nurməhəmmədov atası Abdulmanap Nurməhəmmədovun koronavirusa qalib gəlsə də vəziyyətinin ağır olduğunu deyib.

Unikal.org-un xəbərinə görə, bu barədə idmançının özü "instagram" hesabında məlumat verib.  O, sosial şəbəkədəki paylaşımında Abdulmanapın koronavirusa qalib gəldiyini bildirib:

"Atamın vəziyyəti hələ də ağırdır, reanimasiyadadır. Koronavirusdan sağalsa da, virusun nəticələri ağır oldu.

Böyrəyi və ürəyi ilə bağlı problemlər var. Koronavirusa görə artıq narahat olmağa dəyməz. Sadəcə, virusun yaratdığı problemlər çoxdur.

İndi onun yanına gedirəm. Hər gün görüşə yarım saat icazə verirlər. Ancaq aparatlara qoşulub, söhbət edə bilmirik. Əlini tuturam və jestləri ilə məni tanıdığını hiss etdirir.

Dünyanın ən yaxşı həkimləri atamın müalicəsi ilə məşğuldular. Bu barədə şübhəm yoxdur. Onlara hər şeyə görə təşəkkür edirəm. Bilirik ki, reabilitasiya prosesi çətin olacaq və uzun müddət davam edəcək".