Komitə sədrlərinə şok xəbər
Komitə sədrlərinə şok xəbər

Onların rəhbərlik etdikləri nazirliklərə birləşdirilə bilər

Azərbaycanda komitə sədri postunu tutan vəzifəli şəxslərə bəd xəbər var. Əldə etdiyimiz məlumata görə, hökumət daxilində bir-birinin səlahiyyətlərini təkrarlayan, yaxın və ya eyni funksiyalı qurumların, - hansı ki, burada söhbət daha çox ayrı-ayrı komitələrdən gedir, - nazirliklərə birləşdirilməsi gözlənilir.

Məlumatı verən mənbə bildirir ki, hökumət belə bir addımı prezident seçkilərindən sonra reallaşdırmaq niyyətindədir; amma bu istiqamətdə hüquqi bazanın formalaşdırılmasına tezliklə başlanılması realdır. İddia edilir ki, gələn ilki prezident seçkilərindən sonra yeni hökumət formalaşdırıldıqda artıq ayrı-ayrı komitələr ləğv edilmiş olacaq, onların vəzifə və funksiyaları isə yaxın nazirliklərə veriləcək. Yəni müstəqil funksiyalı komitələr hansısa nazirliyin tərkibində idarə, dövlət xidməti, departament və s. kimi fəaliyyətlərini davam etdirəcəklər.
Hökumətin bu addımının həm Nazirlər Kabinetinin daha da çevik, kompakt fəaliyyətinə hesablandığını, həm də hökumətin xərclərinin azaldılmasına yönəldiyini deyən mənbənin sözlərinə görə nəticədə xeyli iri məmur da "vurulmuş" olacaq. Hansı ki, onların bir çoxu maddi gücünə və iqtidar daxili təsir proseslərinə görə bu günün özündə də nazirlərdən geri qalmır, hətta bəzən onlarla qeyri-rəsmi qaydada bərabərhüquqludurlar, bu da onların oliqarxlaşmasından irəli gəlir. Kərəm Həsənov, Nazim İbrahimov, Əli Həsənov, Qərib Məmmədov kimi komitə sədrləri istər əllərindəki kapitala, istərsə də hakimiyyətiçi mövqelərinə görə hətta bir çox nazirlərin nüfuzlarını üstələyirlər.
Mövzu ilə bağlı məsləhətləşdiyimiz adının çəkilməsini istəməyən iqtisadçı-ekspert redaksiyamıza daxil olan məlumatın reallaşma imkanlarını inkar etmir, onun sözlərinə görə, hökumət içərisində belə bir reforma gedilməsi yeni məsələ deyil. Ekspert xatırladıb ki, hələ 2008-ci ilin sonlarında Beynəlxalq Valyuta Fondu Azərbaycanda dövlət idarəetmə xərclərinin azaldılması təklifi ilə çıxış edib. Həmin təkliflərdə oxşar funksiyaları yerinə yetirən və eyni funksiyanı daşıyan bir neçə dövlət qurumunun birləşdirilməsi nəzərdə tutulurdu. Amma daha çox iqtidariçi qrup maraqları səbəbindən dünyanın aparıcı maliyyə qurumunun olduqca yerində verilən təklifini reallaşdırmaq mümkün olmadı.
Ekspert dedi ki, adıçəkilən fondun ekspertləri struktur və institusional islahatların davam etdirilməsinin tərəfdarıdırlar. Onlar bu islahatların davamı olaraq bir-birini təkrarlayan və eyni funksiyanı yerinə yetirən qurumların birləşdirilməsi və ləğvi prosesinin həyata keçirilməsini tövsiyə edirlər: "Beynəlxalq Valyuta Fondunun ekspertləri o vaxt hesab edirdilər ki, belə bir məsələnin reallaşdırılması sonda dövlət büdcəsindən dövlət qurumlarının saxlanılması üçün ayrılan xərclərin xeyli azalmasına gətirib-çıxarar. Amma təəssüf ki, əllərində daha çox sahənin, qurumun olmasını istəyən müəyyən iqtidardaxili qruplaşmalar belə bir reformun reallaşmasına var gücü ilə qarşı çıxdılar və onu yubatdılar. İstisna etmirəm ki, artıq qaçılmaza çevrilən belə bir islahatın gerçəkləşməsi istiqamətində addımlara start verilsin".
Bəs görəsən, bu məlumatlarımız doğru çıxarsa, hansı komitə hansı nazirliyə birləşdirilə bilər? Sualımıza cavab olaraq, adının çəkilməsini istəməyən başqa bir ekspert qeyd etdi ki, həqiqətən də Azərbaycanda bir-birini təkrarlayan kifayət qədər qurum var. Xüsusən də Beynəlxalq Valyuta Fondu enerji sektorunda bir neçə eyni qurumun olmasından narahatdır: "Məsələn, respublikamızda Sənaye və Energetika Nazirliyinin olmasına baxmayaraq, bu yöndə ixtisaslaşmış "Azərenerji" ASC, "Azəriqaz" QSC və Dövlət Neft Şirkəti mövcuddur. Düzdür, adıçəkilən nazirlik ölkə iqtisadiyyatında daha çox enerji siyasətini müəyyənləşdirir, səhmdar cəmiyyətlər isə icraedici funksiya daşıyır. Ancaq bütün bunlara baxmayaraq həmin qurumların fəaliyyətinin haqqında danışdığımız nazirlikdə birləşdirilməsi mümkündür. Digər iqtisadi sferada da birləşdirilməsi mümkün olan oxşar qurumlar var. Məsələn, İqtisadi İnkişaf Nazirliyi ilə yanaşı, Əmlak Məsələləri Dövlət Komitəsi də mövcuddur. Onların hər ikisinin birgə fəaliyyət göstərməsi də məqsədəuyğundur".
Həmsöhbətimiz Diasporla İş üzrə Dövlət Komitəsinin Xarici İşlər Nazirliyinə, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Maliyyə Nazirliyinə, Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe etdirilməsini yetərincə real sayır.
Bir sözlə, kifayət qədər oliqarxlaşmış bir çox komitə sədrlərinin karyeralarını ciddi zərbə gözləyir. Hər halda indi ortada olan iddialar bu şəkildədir. Həmin iddiaların reallaşma ehtimalı isə o qədər asan görünmür. Çünki çətin ki, bir çox komitə sədrləri bu cür islahatların gerçəkləşməsinə razılaşsınlar; onların sonadək buna qarşı müqavimət göstərmələri istisna olunmur.
Ülviyyə Qasımlı