Bakıdakı otel sahibləri iflas ərəfəsində
Bakıdakı otel sahibləri iflas ərəfəsində

Onların tamahı obyektlərini müflisləşməyə aparır

Bakı və Bakı ətrafındakı bir çox otellər ciddi maliyyə problemləri ilə üzləşib. Buna səbəb həmin otellərin müştəri sarıdan qıtlıqla üzləşməsi və gəlirlərinin azalmasıdır. Bu barədə redaksiyamıza turizm sektoruna yaxın şəxslərdən biri məlumat verib.

Mənbəmiz bildirib ki, hazırda yalnız Bakının mərkəzində deyil, dənizkənarında yerləşən otellər də müştəri sarıdan korluq çəkir. Bir çox otellər müştəri cəlb etmək üçün əyləncə proqramlarına üstünlük verirlər. Amma bunun da ciddi xeyri olmur. Bakıda elə otellər var ki, demək olar ki, boşdur.
İddialara görə, problem yalnız o qədər də tanınmayan otellərlə bağlı deyil, hətta aylardır "Khazar Golden Beach", "Jumeirah", "AF Hotel-Aqua Park" kimi məşhur otellərin də müştəri sarıdan durumları ürəkaçan deyil. Yaranmış vəziyyətə görə, birbaşa otel sahiblərinin özlərini qınayan qaynağımız deyib ki, onlar Mədəniyyət və Turizm Nazirliyinin tövsiyələrini lazımınca yerinə yetirmirlər: "Nazirlik dəfələrlə otellərə öz qiymətlərinə yenidən baxmağı, qiymətlərin aşağı salınması müqabilində xidmətin keyfiyyətinin artırılmasını məsləhət görüb. Bu istiqamətdə kifayət qədər monitorinqlər də aparılır, amma di gəl ki, otel sahibləri durumun ciddiyyətinin fərqində deyillər. Onların uzun müddət yanlış qiymət və xidmət siyasətlərinin fəsadları indi üzə çıxır".
Həmsöhbətimiz Bakı və Bakı ətrafında otellərin qiymətinin həddən artıq yüksək olmasının onları müştəri kasadlığı ilə üz-üzə qoyduğunu deyib: "Təsəvvür edin ki, Heydər Əliyev adına İdman və Əyləncə Mərkəzinin yaxınlığında yerləşən "Çıraq Plaza"da bir gün gecələməyin qiyməti 300 manatdan başlayır. Xidmət çeşidləri ayrıca göstərilib. Burada orta qiymət isə 325 manat sayılır. Bu qiymətə bütün xidmətlər daxildir.
İçərişəhərdə yerləşən "Qız qalası" otelində qiymətlər 279-369 manat arasındadır. "Sərin hotel"də isə qiymətlər bir qədər ucuz - 167 manatdan başlayır və 250 manatadək yüksəlir. "Happy inn" oteli müştərilərinə 270-330 manat arası xidmətlər təklif edir. "East Legend Panorama" mehmanxanasında qiymətlər 250 manatdan, "Qız qalası" mehmanxanasının yaxınlığında yerləşən "Meridian" oteldə isə qiymətlər 320-400 manat arasındadır.
Bakının ən bahalı otelləri sırasında "Hilton Baku"nun adı öndə gəlir. Burada qiymət 365 manatdan başlayıb 400-500 manata kimi yüksəlir. İndi özünüz fikirləşin, elə gözqamaşdırıcı qiymətlər müqabilində otellərin kifayət qədər müştəri cəlb etməsi necə mümkün ola bilər? Otellər bu qiymətləri daha çox xarici qonaqlara hesablayıblar. Amma təcrübə göstərir ki, heç bir ölkədə daxili müştəri bazarını nəzərə almadan qiymət siyasəti müəyyənləşdirmək otelçilikdə özünü doğrultmur, bu, iflasa bərabərdir".
Otellərdə qiymətlərin baha olmasının əsas səbəblərindən birini də bu sahəni monopoliyaya alan məmurlarda axtaran mənbəmizin sözlərinə görə, otellərdən vergidən əlavə ayrı-ayrı dövlət qurumları tərəfindən alınan rüşvətin məbləği olduqca yüksəkdir. Belədə isə otel sahibləri vəziyyətdən çıxış yolu kimi qiymətləri qaldırır; halbuki bu, onların müflisləşməsini ikiqat sürətləndirmək deməkdir.
Çıxış yolu haqqında danışan qaynaq hesab edir ki, Azərbaycan paytaxtındakı otellərin sahibləri heç olmasa, Türkiyə və Gürcüstan kimi qonşu ölkələrin təcrübəsinə yiyələnməlidir: "Gürcüstanda gecəsi 15 avroya da otel tapmaq mümkündür. Azərbaycanda isə ən ucuz otellərdə qiymət 120 manatdan başlayır. Moskva, London, Nyu-York, İstanbul, Dubay kimi iri meqapolislərlə müqayisədə Bakıda otel qiymətləri ucuz olsa da 1 və 2 ulduzlu otellərin sayının çoxluğu həmin şəhərlərdə gecəsi 20 və hətta 10 ABŞ dollarına mehmanxana tapmağa imkan verir. Digər tərəfdən, adıçəkilən ölkələrdə müvafiq qiymət qarşılığında turistlərə göstərilən xidmətlərin keyfiyyəti də yüksəkdir".
Hələliksə reallıq bundan ibarətdir ki, bakıda əksər otel sahibləri çətin günlərini yaşayır. Ən pisi isə onlar get-gedə iflasın isti nəfəsini kürəklərində hiss etdikləri kimi, həm də durumdan necə çıxacaqlarını da bilmirlər.

Azər Aslan