Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri ardıcıl uğurlu əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 3 nəfər rayon sakini saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Unikal.org-a verilən məlumata görə, onlardan ümumilikdə 128 ədəd çətənə kolu və 6 kq 710 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Astara RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Astara rayonunun Sərək kənd sakini Kamal Ramazanovun yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxış zamanı böyürtkən kollarının arasında kultivasiya yolu ilə əkib becərdiyi hər biri 1,5 -2 metr hündürlükdə olan 109 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Davam edən axtarış tədbirləri ilə saxlanılan şəxsin həyətindəki toyuq hinində gizlətdiyi 3 ədəd bağlamada ümumi çəkisi 6 kq 710 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri ilə Sərək kənd sakinləri Orxan Ramazanovun həyətində becərdiyi 15 ədəd, Pərviz Ramazanovun həyətindən isə 4 ədəd çətənə kolları aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.