Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri ilə bağlı statistik göstəriciləri təqdim edib. Nəticələrə əsasən, Bakı Mühəndislik Universiteti (BMU) üzrə yüksək göstəricilər qeydə alınıb. Belə ki, universitetə magistratura səviyyəsi üzrə qəbul planı 95 faizdən artıq dolub.

Unikal.org universitetin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu il BMU-nun magistratura səviyyəsi üzrə 15 ixtisas və 19 ixtisaslaşma üzrə 160 yer ayrılmışdı ki, onlardan 125 yer Azərbaycan bölməsinin, 35 yer isə ingilis bölməsinin payına düşürdü. MBA proqramında isə 6 ixtisaslaşma üzrə 275 yer ayrılmışdı ki, onlardan 210 yer Azərbaycan, 65 yer ingilis bölməsi üçün nəzərdə tutulmuşdu.

Məlumat üçün bildiririk ki, 6-15 iyul tarixlərində BMU-nun magistratura səviyyəsinə qəbul olmuş bakalavrların qeydiyyatının aparılması və sənədlərinin qəbul edilməsi nəzərdə tutulur.