“Karantinin ilk günlərində Nazirlər Kabineti yanında Operativ Qərargah gözəl işlədi və əhali çox maraqla onları izlədi və dediklərinə də əməl etməyə başladı. Amma sonrakı mərhələdə inam azalmağa başladı”. 

Bu fikirləri Unikal.org-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib. O bildirib ki, vətəndaşlar məlumatları başqa mənbələrdən axtarmağa başlayanda, köməklərinə telefonlarına göndərilən anti-təbliğat materialları gəldi və onlar da ona inandılar. Onun sözlərinə görə, insanları inandırmaq, maaarifləndirmək lazımdır. 

Millət vəkili ictimai rəyi bu yönə istiqamətləndirməyin zəruri olduğunu vurğulayıb: “Vətəndaşlar bütün sahələrdə bir-birinə nəzarət etməldirlər. Normal həyatımıza dönmək istəyiriksə, yoluxmanı dayandırmalıyıq. Onun üçün də maska taxmayan adam görəndə ondan nümayişkəranə şəkildə uzaqlaşaq. Artıq tətbiq edildiyi kimi maska taxmayan sərnişin olan zaman, marşurut yerindən tərpənməsin, maskasız görüşə gələnləri qəbul etməyək. Digər tərəfdən imkanı olanlar cibində təmiz maskalar gəzdirsin və olmayanlara təklif edib utandırsın. Yaşlılarını, yaxınlarını cəhalət üzündən qoruya bilməyənləri də lap adbaad ictimai qınağa məruz qoymaq olar”.

Murad İbrahimli