Xəbər verdiyimiz kimi, iyul ayında səmada planetlərin paradını müşahidə etmək mümkün olacaq.

Bu barədə Unikal.org-a açıqlama verən Şamaxı Astrofizika Rəsədxanasının şöbə müdiri Ədalət Ətai bildirib ki, planetlərin paradı 4 iyul tarixində baş verəcək və təqribən 2 həftə davam edəcək.

“Tez-tez baş verən kiçik paradlar var ki, bunları adi gözlə görmək mümkün olmur. Amma böyük parad zamanı böyük planetlər dövrəyə girir və adi gözlə görmək olur. Parad zamanı bütün parlaq planetlər görünəcək. Uran və Neptun kimi planetlər zəif olduqlarından onları görmək mümkün olmayacaq. Günəşdən və Aydan sonra ən parlaq planet olan Venera isə səhərə yaxın görünəcək. Merkurini isə Günəş batan ərəfədə, elə Günəşin yaxınlığında görmək olar.

Planetlərin ərazi olaraq görünməsinə gəlincə isə, Yerin ekvatorial hissəsində, bizim ərazi də daxil olmaqla planetləri görmək mümkün olacaq. Bir məsələyə də aydınlıq gətirim, bu ilin yanvar ayında kiçik parad baş verdi. İnsanlar iddia etdilər ki, bu parad koronavirus gətirdi. Bunun reallıqla heç bir əlaqəsi, insanın səhhətinə heç bir mənfi təsiri yoxdur. Bu kosmik hadisə zəlzələ, qeyzerlər, yaxud da vulkan püskürməsi ehtimalını sürətləndirə bilər. Yəni, bu hadisələrə təkan vermiş olur”. 

Dürrə Həsənova