Putindən Türkiyəyə kritik səfər
Putindən Türkiyəyə kritik səfər
Onun Ərdoğanla görüşünün gərgin keçəcəyi ilə bağlı proqnozlar doğruldumu?

Dekabrın 3-də Rusiya prezidenti Vladimir Putin İstanbula səfərə gəlib. Kreml rəhbərinin Türkiyəyə gedişindən məqsəd Rusiya-Türkyə yüksək səviyyəli əməkdaşlıq şurasının üçüncü iclasında iştirakdır. İclasın gündəliyinə daxil olan məsələlər bunlardır: ticarət-iqtisadi işbirliyi, sərmaye, beynəlxalq-regional, mədəni-humanitar, həmçinin energetika və bank sahəsindəki qarşılıqlı birgə strateji əməkdaşlığın reallaşdırılması.

Dünən Ərdoğanla Putin arasında görüş Türkiyə baş nazirinin iqamətghında günün ikinci yarısında gerçəkləşi. Türk mediasının bildirdiyinə görə, görüşdə Suriya məsələsinin müzakirəsi xüsusi ilə əhəmiyyətli yer tutub.
Bu arada Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun bildirdiyinə görə, Putinin Türkiyəyə yollanması daha tez nəzərdə tutulubmuş. Bir sıra mənbələr isə səfərin ümumiyyətlə baş tutmayacağını önə çəkirdilər. Çünki Putin sevimli idman növü olan dzüdo ilə məşğul olarkən çiynindən zədə almışdı. Görünür, zədə o qədər ciddi olmuşdu ki, məsələyə Belarus prezidenti Aleksandr Lukaşenko da özünə xas üslubda münasibət bildirmişdi: "Vladimir Vladimiroviç həmişə xoşlayır ki, ağır yükün altına girsin. Cəhd edir, amma qaldıra bilmir. İndi də cəhd edib, çiynini zədələyib". Maraqlıdır ki, Kremlin mətbuat katibi D.Peskov hazırda Putinin sağlamlığı ilə bağlı bağlı hər hansı problemin mövcudluğunu qətiyyətlə inkar edib. Deməli, Türkiyəyə yollanmaq olar.
Nəzərə alaq ki, son on ildə Putin və Ərdoğan ölkələrinin bir-birinə yaxınlaşması istiqamətində xeyli işlər görüblər. Bununla belə Moskva ilə Ankara arasındakı koordinal fikir ayrılığını şərtləndirən hadisə də var - Suriya məsələsi, yəni Bəşər Əsəd rejiminə münasibət. Təkcə onu deyək: Kreml ötən ay Moskvadan Dəməşqə uçan təyyarəni Ankaranın məcburi enişə məcbur etməsini hiddətlə qarşılamışdı. Bu azmış kimi Rusiyanın Xarici İşlər Nazirliyi NATO üzvü olan Türkiyənin alyansın "Petriot" tipli raketlərini Suriya ilə sərhəddə yerləşdirilmək istəyinə də kəskin yanaşmışdı. Qurumun rəsmiləri bildirmişdilər ki, bu vəziyyət regionda ciddi münaqişə yaradacaq. Ankara isə öz növbəsində Rusiyanın raketlərdən narahatçılıq keçirmək üçün hər hansı əsasının olmadığını vurğulamışdı.
Qeyd edək ki, səfərdən əvvəl Ərdoğanla Putin arasında görüşün gərgin keçəcəyinə dair şərhlər geniş yer almışdı. Məsələn, Türkiyə baş nazirinə yaxınlığı ilə bilinən "Sabah" qəzeti yazırdı ki, Rusiya və Türkiyə arasında danışıqlar ilk növbədə Suriyadakı vəziyyətə həsr olunacaq. Digər yandan, İran neftinin idxalından imtina edən Ankaranın Rusiyanın "qara qızıl"ına müraciət edəcəyi də gündəmə gətirilir. Deyilir ki, mövcud istiqamətdə geniş fikir mübadilələləri aparılır.
Başqa bir nüfuzlu Türkiyə nəşri - "Haberturk" isə görüşdə əsas diqqətin Suriyaya uçan rus silahları məsələsinə yönəldiləcəyini vurğulayırdı. "Petriot" raketlərinə gəlincə, media qurumu Putinin Ərdoğana çox ciddi xəbərdarlıq edəcəyini önə çəkirdi. Həm də ona görə ki, Moskva İran kimi o düşüncədədədir ki, "Petriot" Suriyaya deyil, Tehrana qarşı yönəlib.
Amma dünən günün sonunadək iki ölkə rəhbəri arasında görüşdə proqnozların özünü nə qədər doğrultduğuna dair heç bir informasiya məlum deyildi.
Yeri gəlmişkən, "Petriot" raketləri ilə bağlı iki ölkə arasında narazılıqların səbəbləri də maraq doğurur. "Sabah" qəzeti yazır ki, "Petriot" müdafiə məqsədi daşımır. Rusiyanın bu məsələdəki narahatlığı oununla izah olunur ki, Türkiyə əslində raketi Suriya ilə sərhəddə yerləşdirməklə orada "uçuşsuz zona" yaratmağı və bu yolla da Suriya müxalifətçilərinin faktiki olaraq ömürlərini sürdürməyi planlaşdırır.
Nəşr Ərdoğanın Rusiyanın baş naziri Dmitri Medvedyevin Moskvanın Suriyaya silahlı yardımını dayandıracağına dair fikrini müsbət dəyərləndirməsinə toxunur. Əlavə edir ki, bu, münaşiqənin BMT çərçivəsində həllinə dəstək baxımından əhəmiyyətlidir. Amma "Yeni Mesaj" saytı hesab edir ki, Medvedyevin açıqlaması əslində Kremlin aylardan bəri davam etməkdə olan inadkarlığının təzahür formasıdır və heç cür mövcud status-kvonun dəyişməsinə ümid bəsləmək olmaz.
Rusiyanın və Türkiyənin sahibkarlarının fikirlərinə müraciət edən "Milliyət" qəzetinin ehtimalına görə, iki ölkə arasındakı siyasi planda nəzərə çarpan fikir ayrılıqlarının iqtisadi münasibətlərə təsiri olmayacaq. Əsas diqqət sərmayə mühitinə ayrılacaq. Rusiya-Türkiyə iqtisadi münasibətlərinin strateji xarakter daşıdığını deyən biznesmenlər bu qənaətdədirlər ki, görüşdə əsas müzakirə predmeti qarşılıqlı sərmaye qoyuluşlarının həcminin artırılmasından ibarət olacaq.
"Rusya Analiz" saytı isə İstanbul görüşündən bir gün əvvəl Putin və Ərdoğan arasında bəzi paralellər aparıb. Birincisi, bu iki siyasətçilər həqiqəti deyirlər. İkincisi, hər ikisinin vətənində sabitlik hökm sürür. 31 dekabr 1999-cu ildə Rusiyanın ilk prezidenti Boris Yeltsin hakimiyyət kürsüsünü təhvil verdikdən sonra Putin hamını təəccübləndirməyib bacarıb. O, tez bir zamanda dünyanın vacib siyasi fiqurlarından birinə çevrilməyi bacarıb. Rusiyadakı sabitlik birbaşa onun xidmətidir. Rəcəb Tayyib Ərdoğan də 2003-cü ilin martında baş nazir olduqdan sonra sabitlik kursu götürdü ki, bunun nəticəsində Türkiyə regionun başlıca faktoruna çevrildi.
Üçüncüsü, Putinin və Ərdoğanın sərt, quru xarakteri var. Milliçilik və beynəlxalq siyasət onların fəaliyyətində öz təsirini göstərib. Hər biri məsələləri diqqət mərkəzində saxlamaq və azacıq səhvə görə də kimisə işdən çıxarmaq əzminə malikdir.
Dördüncüsü, siyasətçilərin ikisi də iqtisadi siyasətdə müvəffəqiyyətə nail ola bilib. Putinin hakimiyyəti dövründə Rusiyanın xarici borcu aşağı düşüb, beynəlxalq valyuta ehtiyatları həddən artıq çoxalıb. Rusiya əvvəllərdə olduğu kimi, dünyanın başlıca iqtisadi mərkəzi rolunu oynamağa başlayıb. Məhz uğurlu energetika siyasətinin nəticəsidir ki, Rusiyanın qlobal brendi olan "Qazprom" meydana çıxıb.
Ərdoğana gəldikdə isə, onun dövründə Türkiyə iqtisadi inkişafda rekordlara nail olmağı bacarıb. Hazırda dünyanın 20 iqtisadi mərkəzindən biri statusundadır. Bunlarla yanaşı Türkiyədəki Rusiya sərmayesinin və Rusiyadakı Türkiyə sərmayesinin həcmi, eləcə də ikitərəfli ticarət münasibətlərinin səviyyəsi onu deməyə əsas verir ki, Ərdoğan və Putinin iqtisadi plandakı fəaliyyətinin ölkələrin bir-birinə fayda baxımından da konkret motivləri mövcuddur.
Beşinci məqama diqqət yetirən "Rusya Analiz" saytının yazdığına görə, istər Putində, istərsə də Ərdoğanda dövlət idarəçiliyi baxımından ehtiras hiss olunur. Məhz bu cəhətdən onlar arasındakı oxşarlıq daha çox müşahidə olunmaqdadır. Buradan da meydana növbəti maraqlı məqam çıxır: Putin Kremldə əvvəlcə hər biri dörd il olmaqla 2 prezidentlik müddəti keçirdi. 2008-ci ildə baş nazir oldu. Hökumət rəhbəri postunda onun ən mühüm fəaliyyəti prezidentlik müddətini 4 ildən 6 ilə qaldırmaq idi. 2012-ci ilin martında Putin yenidən, özü də 6 il müddətinə dövlət başçısı seçildi. Əgər o, 2018-ci ildə yenidən seçilsə, bu o demək olacaq ki, Rusiya lideri 2024-cü ilədək Kremldə qalacaq. Deməli, SSRİ rəhbərlərindən olan Brejnyevin 18 illik rekordu qırılacaq.
Ərdoğan artıq 10 ildir baş nazirdir. Növbəti dəfə bu postu tuta bilməz. Amma o, konstitusiya dəyişikliyi aparmaqla prezident üsul idarsinə keçməyi planlaşdırır. Əgər bu dəyişiklik baş versə, çox güman Ərdoğan həm baş nazir, həm də prezident vəzifəsini tutan ilk şəxs kimi Türkiyənin tarixinə düşəcək.
Altıncı məsələ tandemlə bağlıdır. Əgər Rusiyada D.Medvedyev Putindən dəstək alaraq prezident postunu tutmuşdusa, sonradan ikinci birincinin köməyilə dövlət başçılığına yiyələnmişdisə, Ərdoğan da 2007-ci ildə Abdulla Gülün prezident seçilməsinə şərait yaratmışdı.
Nəhayət, sonuncu 7-ci məqam: əgər Ərdoğan hərəkətləri ilə Osmanlı İmperiyasını bərpa etmək uğrunda çalışan adam görüntüsü yaratmağa müvəffəq olursa, Putin Avraziya İttifaqını formalaşdırmaqla əslində SSRİ-nin bərpasına can atır.
Kənan Rzaquliyev