Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığına əsasən Baş Nazir cənab Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın geniş tərkibli respublika videomüşavirəsində verilən tapşırıqlar əsasında Nərimanov rayonu ərazisində koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə aidiyyəti strukturların əməkdaşlarından ibarət mobil işçi qruplar tərəfindən müvafiq dislokasiya bölgüsü əsasında reyd keçirilmişdir.

İcra Hakimiyyətindən Unikal.org-a verilən xəbərə görə, Rayon İcra Hakimiyyətinin, Rayon Polis İdarəsinin, Sahə İnzibati Ərazi Nümayəndəliklərinin, Bələdiyyənin, digər idarə və təşkilatların əməkdaşları, fəal gənclər və könüllülərdən ibarət 20 mobil qrup yaradılmışdır. Mobil qruplar tərəfindən fəaliyyətinə icazə verilmiş ictimai-iaşə və ticarət obyektlərində həyata keçirilmiş reydlər zamanı vətəndaşlarla maarifləndirmə işləri aparılmış, aşkarlanan ciddi qanun pozuntuları polis əməkdaşları tərəfindən sənədləşdirilmiş və Nazirlər Kabinetinin Operativ Qərargahının tələblərinə zidd fəaliyyət göstərən obyektlərə sonuncu dəfə xəbərdarlıq edilərək tibbi qoruyucu maskalardan istifadə və sanitar-gigiyena qaydalarına ciddi riayət edilməsi barədə göstərişlər verilmişdir.

Reyd keçirilən bütün obyektlərdə işçi heyətinə canlı təmas zamanı tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadənin, sosial məsafənin gözlənilməsinin vacibliyi və əhəmiyyəti barədə də ətraflı məlumat verilmişdir.

Bununla yanaşı ictimai iaşə obyektlərində icazəsiz yaşayış yerini tərk edən vətəndaşlar da aşkar edilmiş, qanuna müvafiq olaraq müvafiq strukturlar tərəfindən inzibati qaydada tədbir görülmüşdür. 

Nərimanov rayon İcra Hakimiyyətində yaradılmış Operativ Qərargah tərəfindən sərt karantin rejimi dövründə reydlərin davamlı olaraq keçirilməsi qərara alınmış və karantin dövründə hər gün davam etdiriləcəkdir.

Nərimanov rayon İcra Hakimiyyəti sahibkarlardan və vətəndaşlardan bu dövrdə daha məsuliyyətli olmağı, Nazirlər Kabinetinin Operativ Qərargahının verdiyi tələb və tövsiyyələrə ciddi riayət etmələrini xahiş edir.