Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın geniş tərkibli Respublika videomüşavirəsində rayon və şəhər rəhbərləri qarşısında qoyulan tələb və tapşırıqlar nəzərə alınaraq, Kürdəmir rayonunda da bu istiqamətdə həyata keçirilən tədbirlərin miqyası daha da genişləndirilib. 

Kürdəmir rayon İcra Hakimiyyətindən Unikal.org-a verilən xəbərə görə, iyulun 2-də rayonun İH-nin Başçısı Ceyhun Cəfərov  və  rayonun hüquq mühafizə orqanlarının rəhbərləri əhali tərəfindən sanitariya-epidemioloji qaydalara riayətin gücləndirilməsinə ehtiyac olduğu üçün ticarət və iaşə obyektlərində reyd keçiriblər. 

İcra hakimiyyətinin başçısı, rayon prokuroru, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinə məxsus şöbələrin rəhbərləri sakinlər ilə maarifləndirici söhbətlər aparmış, pandemiyaya qarşı mübarizədən irəli gələn tələb və tövsiyələri izah ediblər. Sakinlərə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına tabeçilik, o cümlədən tibbi maskalardan istifadə və sosial məsafənin qorunması barədə tapşırıqlar veriblər. 

Reyd zamanı işində ciddi nöqsanlar aşkar edilən  dörd iaşə obyektinin fəaliyyəti dayandırılıb, üçünə xəbərdarlıq edilməklə cərimə olunub, iki obyektə şifahi xəbərdarlıq olunub,digərlərində  nöqsanlar aşkar edilməmişdir.