Dövlət Gömrük Komitəsinin Akademiyasının bakalavriat səviyyəsi üzrə “Hüquqşünaslıq” və “İqtisadiyyat” ixtisaslarının 4-cü kurs tələbələrinin yekun dövlət attestasiyası - buraxılış işlərinin onlayn müdafiəsi başa çatıb. 

Akademiyanın İctimaiyyətlə əlaqələr şöbəsindən Unikal.org-a verilən məlumata görə, bu tədris ilində Gömrük Akademiyasının “Hüquqşünaslıq” ixtisası üzrə 21, “İqtisadiyyat” ixtisası üzrə 19 tələbəsi təhsilini başa vurur. 

Tələbə-məzunlar Akademiya haqqında xoş ürək sözlərini sosial şəbəkələrdə paylaşıblar. Dövlət Gömrük Komitəsinin Akademiyasını “Hüquqşünaslıq” ixtisası üzrə bitirən Həsən Həsənzadə: "Dörd il geriyə baxıram və nələrin dəyişdiyini fikirləşirəm. Hər şeydən əvvəl özümün – düşüncələrimin, həyata baxışımın, cəmiyyətə münasibətimin dəyişdiyinin fərqinə varıram. Bəlkə də 4 ildəki ən böyük uğurum elə budur. Bu illərdə saysız-hesabsız dostluqlar, yoldaşlıqlar qazandım, neçə yadlarla doğmalaşdım, insanları daha yaxşı tanımağa başladım. Hələ dörd il əvvəl ixtisas və təhsil müəssisəsi seçimi edəndə çox tərəddüdlü idim. Dövlət Gömrük Komitəsinin Akademiyasına qəbul olunduğum haqda bildirişi alanda sevinc və məyusluq daxilimdə mübarizə aparırdı. Çünki prioritet seçimim başqa təhsil müəssisəsi idi. Amma indi ən düzgün seçimi etmiş olduğumu bilirəm. Burada yalnız təhsil deyil, eyni zamanda, həyat fəlsəfəmi, həyatdakı missiyamı kəşf etdim. Tələbələrin say etibarı ilə az olması hər bir tələbəyə xüsusi yanaşma imkanını təmin edir, onların təhsili, şəxsi inkişafları daha yaxından izlənilir. Bu isə, tələbələrin özlərini daha özəl, daim diqqətdə olduqlarını hiss etmələrinə imkan verir. Ən əsası, tələbələrin yüksək keyfiyyətli təhsil almaları, akademik və sosial inkişafı naminə vacib addımlar atılır.

Təbii ki, bütün bunlar xüsusi təşəbbüs və zəhmət olmadan mümkün ola bilməzdi. Bu baxımdan Dövlət Gömrük Komitəsinin sədri cənab Səfər Mehdiyev başda olmaqla, Komitə rəhbərliyinin Akademiya tələbələrinin inkişafına göstərilən xüsusi diqqət və marağını, eyni zamanda, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi hörmətli Qulu Novruzov başda olmaqla, Akademiya rəhbərliyinin və əməkdaşlarının biz tələbələrin inkişafına olan xüsusi yanaşmasını, diqqətini və böyük dəstəyini özəlliklə qeyd etmək lazımdır.

Həyatda qazandığım bütün uğurlarımda valideynlərim və müəllimlərimin əvəzsiz rolu olmuşdur və onlara olan borcumu heç bir zaman qaytara bilməyəcəyimi zamanla daha yaxşı dərk edirəm. Buna görə mənim üçün həyatda ən böyük dəyərlərdən olan, müqəddəs varlıqlara, böyük şəxsiyyətlərə - müəllimlərimə sonsuz təşəkkürümü bildirirəm".

“Hüquqşünaslıq” ixtisası üzrə məzun Zeynəb Babayeva:

"Bütün peşələr gözəldir. Bağbanlıqdan tutmuş ta mühəndis və yaxud digər peşələr. Amma müəllim olmaq çox fərqlidir! Bəlkə də ən yaxşı bağban elə müəllimdir! Bağçasındakı güllərinə sevgi ilə baxan, onların gözəl yetişməsi üçün əlindən gələni edəndir. Hərdən o güllərə sadəcə lazım olan saatlarda  deyil, bütün gününü ayıraraq,  uzun müddətli ətir saçmalarına çalışan  dəyərli şəxsdir.

Mənim bu məsləyin adını daşıyan və layiqincə bacaran böyüklərimə dərin minnətdarlıq hissimin olduğunu söyləməliyəm. Siz olmasaydınız, biz də olmazdıq! Təhsil yolumun ilkin başlanğıcından bu günə kimi həyat yolunun çevrəsini siz müəllimlərin sayəsində öyrənmişik. Bəlkə də bu məsləyi mənə ilk sevdirən 41 ilini məktəbə  həsr edən şəxs babam olub.Çox heyif ki, bu günlərimdə yanımda ola bilmədin. Həmişəki kimi, alnımızdan öpüb  xeyir-duanı verə bilmədin. Məkanın nurla dolsun, babam!

Əziz müəllimlər, siz həmişə dəyərlisiniz! Bu gün məzun adını qazandıq, amma sizin sayənizdə. Sizin səyləriniz və əziyyətiniz qarşılığında biz bu adı qazandıq. Məzun adımız mübarək!"