İctimai Palatadan vahid namizəd?
İctimai Palatadan vahid namizəd?

Məlum olduğu kimi, Azərbaycan müxalifətinin əsas güc mərkəzlərindən hesab edilən İctimai Palatanın 2013-cü ildə keçiriləcək prezident seçkilərində vahid və yaxud çox namizədlə çıxış edib-etməyəcəyi ictimaiyyətin diqqət mərkəzindədir və bu mövzu zaman-zaman gündəliyə gəlməkdədir.

Amma görünən budur ki, bir ölkənin taleyində dönüş nöqtəsi yaratmaq iddiasında olan İctimai Palata hələlik vahid namizəd problemini həll etmək iqtidarında deyil.
Sözügedən məsələ ilə bağlı müxalifət düşərgəsinə məxsus olan siyasətçilər və politoloqlar ən müxtəlif versiyalar irəli sürməkdədirlər. Müxalifətyönlü və olduqca sanballı analiz qabiliyyətinə malik olan politoloq, İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) üzvü Zəfər Quliyev də hesab edir ki, bu problem yaxın vaxtlarda həllini tapmalıdır.
Zəfər Quliyevin dediyinə görə, "İctimai Palata prezident seçkiləri ilə bağlı mövqeyini ortaya qoymalıdır. Seçkiyə vahid namizəd, yoxsa bir neçə namizədlə qatılacağını, yaxud hansısa namizədi dəstəkləyəcəyini müəyyənləşdirməlidir. Seçki ilə bağlı bu prinsipial məsələlər həllini tapmalıdır. İctimai Palatanın Koordinasiya Şurasının yaxınlarda keçiriləcək iclasında da bu məsələnin müzakirəsi gözlənilir".
Onun fikrincə, qurumda bununla əlaqədar fikir ayrılığı var və bunun da olması təbiidir: "İctimai Palatanın seçkiyə vahid namizədlə getməsi çox ziddiyyətli və qəliz məsələdir. Əvvəlki illərin təcrübəsi də göstərir ki, bu məsələ müxalifət daxilində ziddiyyətləri gücləndirir və parçalaya bilər. Fikrimcə, əsas namizəd məsələsinin önə çəkilməsi daha optimal görünə bilər. İctimai Palatada namizəd olacaq şəxslərin arasında öz əsas namizədinin olub-olmaması məsələsini müəyyənləşdirməlidir". İP-də siyasətçilərin namizədliklə bağlı güzəştə gedib-getməməsi məsələsinə də toxunan Z. Quliyev deyib ki, siyasətdə yaş senzinin nəzərə alınması önəmli deyil: "Bir çox hallarda yaşda böyük olan siyasətçilər reallığı nəzərə alaraq cavanlara yol verirlər. Açığını demək lazımdır ki, bizim bir çox partiya rəhbərlərinin və müxalifətdə olan liderlərin nöqsanı imkanlarına qiymət verməməkləridir. Çox zaman liderlik və heç kimə güzəştə getməmək ambisiyası o qədər güclü olur ki, sadaladığım nöqsanlar problemə çevrilə bilir. Bizdə demək olar ki, bütün siyasi partiya liderləri özlərini əvəzolunmaz sayırlar. Hətta düşünürlər ki, heç kimə güzəştə getməməlidirlər, onların şansı hamıdan çoxdur və cəmiyyət mütləq onları dəstəkləyəcək. Hətta ən xırda partiyanın lideri də belə düşünür. Buna görə də namizəd məsələsində heç kimə güzəştə getmirlər. Ona görə də hesab edirəm ki, indiki mərhələdə liderlərin bir-birinə güzəştə getməməsi məsələsi ən ağrılı məqamlardan biridir".
Z. Quliyev namizədin şansının texniki proseduralarla müəyyənləşdirilməsinin mümkünlüyü haqda da danışıb: "Sorğuların nəticələrinə inamsızlıq var. Həm müxalifət düşərgəsində, həm partiyalarda, həm də İctimai Palatada ilkin seçkinin keçirilməsi çətin olub. Hər halda hesab edirəm ki, liderlər məsələyə daha müdrik və dözümlü yanaşmalıdırlar. Hələ vaxt var və liderlər məsələlərə realist olaraq yanaşmalıdır".
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının sözlərinə görə, "İctimaiyyətin diqqət mərkəzinə çəkilmiş İctimai Palatanın prezident seçkilərində vahid namizədlə çıxış edib-etməyəcəyi təmsil etdiyim qurum üçün aktual məsələ deyil. İctimai Palata bu məsələ ilə bağlı memorandum hazırlayıb və üzvlərə paylayıb. İndiki mərhələdə vahid namizəd məsələsinin müzakirəsi nəinki məqsədəuyğun deyil, ümumiyyətlə, hətta gündəlikdə də yoxdur".
Sədr müavininin dediyinə görə, "Azərbaycan müxalifətinin ən ciddi qüvvə mərkəzlərindən biri kimi İctimai Palatanın yaxın perspektiv üçün bir nömrəli vəzifəsi ölkədə demokratik seçki mühitinin yaradılmasıdır və yuxarıda xatırlatdığım memorandumda məhz bu məsələ xüsusi şəkildə vurğulanıb. Ölkədə demokratik seçki mühiti yoxdursa, bu mühit həm seçkilərdə namizəd kimi iştirak etmək istəyən müxalifət liderləri üçün, həm də ümumən Azərbaycanın müxalifətinin özü üçün çox ciddi bir tələ rolunu oynaya bilər. Ötən yaxın illərin təcrübəsi də bunu sübut edir. Buna görə də hazırda əsas diqqətimiz məhz həmin normal seçki şəraitinin yaradılmasına yönəlib və bütün qüvvəmiz buna sərf ediləcək".
Natiq