Zakir Qaralov Antikorrupsiya Akademiyasının tədbirində
Zakir Qaralov Antikorrupsiya Akademiyasının tədbirində

29-30 noyabr 2012-ci il tarixlərdə Avstriyanın paytaxtı Vyana şəhərində Beynəlxalq Antikorrupsiya Akademiyasının Beynəlxalq Təşkilat kimi təsis edilməsi haqqında Sazişi ratifikasiya etmiş ölkə və təşkilatların yüksək vəzifəli nümayəndələrinin iştirakı ilə ilk iclası keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun rəhbərlik etdiyi, tərkibinə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov, ölkəmizin Avstriya Respublikasındakı səfiri Qalib İsrafilov və Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyevin daxil olduğu nümayəndə heyəti iştirak edib.
60-dan çox ölkə və təşkilatın nümayəndələrinin, beynəlxalq müşahidəçilərin iştirak etdiyi Assambleyada çıxış edən Azərbaycan Respublikasının Baş prokuroru korrupsiyaya qarşı mübarizənin Prezident cənab İlham Əliyevin siyasi fəaliyyətinin prioritet istiqaməti olduğunu qeyd edərək, ölkəmizin bu sahədə bütün beynəlxalq təşəbbüslərə qoşulduğunu, beynəlxalq konvensiyaların ölkə qanunvericiliyinə implementasiyasının həyata keçirildiyini, hüquqi və institusional bazanın təkmilləşdirilməsi istiqamətində önəmli addımlar atılaraq Azərbaycan Respublikasının korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırıldığını diqqətə çatdırıb. Nümayəndə heyətinin rəhbəri həmçinin, ölkə başçısının rəhbərliyi və təşəbbüsü ilə son dövrlərdə həyata keçirilmiş qanunverici və praktiki tədbirlər, o cümlədən Açıq Hökumətin təşviqinə və Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planları, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması və funksiyaları, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər və onların müsbət nəticələri barədə ətraflı məlumat verib, habelə ölkəmizin Beynəlxalq Antikorrupsiya Akademiyası ilə bundan sonra da sıx əməkdaşlıq edəcəyini vurğulayıb.
Tədbir zamanı Akademiyanın rəhbəri Martin Kreutner və digər yüksək vəzifəli nümayəndələrlə ikitərəfli görüşlər keçirilməklə qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə edilib. Həmçinin Malayziya, Latviya, Cənubi Koreya, Tacikistan və digər ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirilərək korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilməklə bu istiqamətdə gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib. Azərbaycan Respublikasında Korrupsiyaya qarşı mübarizə tədbirlərini özündə əks etdirən bukletlər və Baş prokurorun çıxışının mətni tədbir iştirakçılarına paylanılıb.
Assambleya gündəlikdə olan cari məsələlərə baxmış, o cümlədən təşkilatın İdarəetmə Şurasının üzvləri seçilmiş, yeni Prosedur Qaydalar qəbul edilmiş və növbəti ilin İşçi Proqramı və büdcə məsələləri müzakirə edilib. Beynəlxalq Antikorrupsiya Akademiyasının 2-ci iclasının 2013-cü ildə Tayland Krallığında keçirilməsı qərara alınıb.