İyulun 4-də Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 18-ci ildönümünə həsr edilmiş beynəlxalq videokonfrans keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Komitəsinin sədri Fuad Muradovun və Milli Məclisin üzvü, akademik Rafael Hüseynovun moderatorluğu ilə təşkil edilən virtual tədbirdə xaricdə və ölkəmizdə yaşayan tanınmış elm, mədəniyyət xadimləri, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarının, Azərbaycan evlərinin, həftəsonu Azərbaycan məktəblərinin rəhbərləri, diaspor nümayəndələri iştirak edib.

Tədbir dünyada yaşayan azərbaycanlılara həsr olunmuş musiqinin (sözləri Rafael Hüseynovun, müsiqisi Faiq Sücəddinovundur) - Diaspor himninin səsləndirilməsilə başlayıb.

Tədbir iştirakçılarını salamlayan Rafael Hüseynov bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin yaranması ölkənin ictimai-siyasi həyatına əlamətdar hadisə kimi daxil olub. Çünki Azərbaycan diasporunun birliyi və mütəşəkkilliyi çox vacib və zəruri amildir.

Dövlət Komitəsinin sədri Fuad Muradov bu əlamətdar hadisə münasibətilə tədbir iştirakçılarını və diaspor hərəkatına töhfə verən hər bir soydaşımızı təbrik edib. Bu qurumun görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü ilə yaradıldığını xatırladan natiq bildirib ki, məhz böyük öndərin dünya azərbaycanlılarının eyni amal və məqsəd ətrafında birləşdirilməsi naminə əsasını qoyduğu diaspor siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini əks etdirən hesabat xarakterli videoçarxının nümayiş etdirilməsi və COVID-19 koronavirus pandemiyası ilə mübarizədə xarici ölkələrdə xüsusi fəaliyyətləri ilə fərqlənən 7 soydaşımızın təşəkkürnaməyə layiq görülməsi barədə məlumatın verilməsilə davam edib.

Tədbirdə çıxış edən soydaşlarımız mühacirət tarixindən danışaraq, müstəqil Azərbaycan dövlətinin yürütdüyü diaspor siyasətini dəstəklədiklərindən, yeni növ koronavirus pandemiyası dönəmində dövlətimizin həmvətənlərimizə həssas münasibət, diqqət, qayğı, mənəvi və maddi dəstək nümayiş etdirməsinə görə qururlandıqlarından, ölkəmizin azərbaycanlılara sahib çıxmasından, Dövlət Komitəsini doğma ocaq kimi qəbul etdiklərindən və bir sıra başqa mətləblərdən söz açıblar.

Beynəlxalq videokonfrans bədii hissə ilə yekunlaşıb.