“Yəhudilərin xoşbəxtliyidir ki, Azərbaycanda ən çətin sınaqlara baxmayaraq özlərinə ev tapdılar, övladlarını dünyaya gətirdilər, karyera qurdular, burada xoşbəxt yaşayırlar və yaşayacaqlar”.

Diasporla İş üzrə Dövlət Komitəsindən Unikal.org-a verilən xəbərə görə, bunu Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru, aktyor, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvü, Avropa Yəhudiləri Bakı dini  icmasının sədri Aleksandr Şarosvki “Müxtəlif olsaq da birlikdə güclüyük” layihəsi çərçivəsində  keçirilən videokonfransda deyib. 

Videokonfrans Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilib. 

“Mənim yolum” Uşaq Mərkəzinin rəhbəri və Nyu York şəhərinin dağ yəhudi icmasının nümayəndəsi Alyona Bədəlovanın moderatorluğu ilə keçirilən tədbirdə Avropa Yəhudiləri Bakı dini  icmasının sədri Aleksandr Şarovski, icmanın baş ravvini Sneor Seqal,  Diasporla İş üzrə Dövlət Komitəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak edib.

Aleksandr Şarovski Ulu Öndər Heydər Əliyevin fikirlərini xatırladaraq sözə başlayıb və qey edib ki, Heydər Əliyev hər zaman deyirdi ki, bura sizin evinizdir, burada həmişə sülh , əmin-amanlıq şəraitində yaşayacaqsınız, sizin sakit və uğurlu həyatınınz üçün bütün imkanlar olacaq. Bu böyük iş bü gün də Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.

Avropa Yəhudiləri Bakı dini  icmasının baş ravvini Sneor Seqal bildirib ki:  “Ümumilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanda yəhudilərin  həyatı çiçəkləndi və inkişaf etdi.Yəhudilər Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq modelini  hər zaman hiss edir”.