Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatında onlayn müşavirə keçirilib.

Unikal.org xəbər verir ki, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının Şura üzvləri, ilk partiya təşkilat sədrləri və bir qrup partiya fəalının iştirakı ilə keçirilən növbəti onlayn müşavirəni Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov açaraq bildirdi ki, dünyanı bürüyən koronavirus  infeksiyası hələ də sovuşmayıb və bəşəriyyəti təhdid etməkdə davam edir. Virusa qalib gəlməyin isə məhz dövlət və vətəndaş həmrəyliyindən asılı olduğunu dünyanın bir çox ölkələrində rast gəlinən acı həqiqətlər də təsdiqlədi. Buna görədir ki, koronavirusa zamanında ciddi yanaşmayan ölkələrdə sonradan görülən tədbirlər, alınan qadağa qərarları elə də səmərəli olmadı və bu təsir gücünün işlək olmamasında vətəndaşların da həmin qaydalara əməl etməməsinin böyük rolu oldu.
Ölkəmizdə sərt karantin rejimi tədbiq edilən zaman gündəlik yoluxma sayının 600-ə yaxınlaşdıgını deyən Cavid Osmanov qeyd etdi ki, son bir neçə gündə yoluxanların sayında az da olsa azalma müşahidə olunur. Beynəlxalq təcrübə onu göstərir ki, sərt karantin rejiminin tətbiqi dərhal nəticə vermir. Bir müddət sonra sərt karantin rejimi özünün müsbət nəticəsini göstərir. Əgər bu gün respublikanın bəzi ərazilərində sərt karantin rejimi tədbiq edilməsəydi daha ciddi fəsadlarla üzləşə bilərdik. Yoluxma sayı azalmasa Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən gedişata müvafiq qərar qəbul edə bilər. Təbii ki, Operativ Qərargah qərar verərkən gündəlik yoluxanların, sağalanların, ölənlərin artma-azalma dinamikası və virusun yayılma coğrafiyası dərindən analiz edilir.  Ümid edək ki, gündəlik yoluxanların sayı azalsın və karantin rejiminin daha da sərtləşməsinə ehtiyac qalmasın. Təbii ki, bu son günlər insanlarımızın bu məsələyə necə yanaşmasından və qoyulan qaydalara nə dərəcədə riyaət edəcəklərindən asılıdır. Əlbəttə ki, sərt karantin rejimin uzadılmasını heç birimiz istəmirik. Hər birimiz Operativ Qərargahın qoyduğu qaydalara və verdiyi tövsiyələrə əməl etməliyik ki, normal həyatımıza tez qayıda bilək.
Cavid Osmanov vurğuladı ki, son nəticədə bəşəriyyət yalnız bir olaraq, həmrəylik nümayiş etdirməklə pandemiyaya qarşı qalib gələ bilər və Azərbaycanda aparılan işlər də buna bir nümunədir. Artıq bütün dünya görür və etiraf edir ki, Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizədə fəal rol oynayır. Ölkəmizdə aparılan işlərin hər birinə bilavasitə Prezident İlham Əliyev şəxsən nəzarət edir. O cümlədən Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu işlərdə göstərdiyi dəstək əvəzsizdir. Bu baxımdan Azərbaycanda aparılan işlər digər ölkələrə nümunə olaraq göstərilir.
Vurğulandı ki, COVID-19 pandemiyası bütün dünya dövlətlərinə mənfi təsir göstərir. Heç bir ölkə bundan sığortalanmayıb. Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə COVID-19-a qalib gələ bilərik. Azərbaycan öz təşəbbüsləri ilə qlobal əməkdaşlıq üçün mühüm platforma və körpü yaradıb, bu körpünün möhkəm dayaqlara söykənməsi də əlbəttə ki, şübhəsizdir. Aprel ayında koronavirusla mübarizə məsələlərinə həsr olunmuş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşünün, ardınca isə may ayının 4-də Qoşulmama Hərəkatının təmas qrupunun zirvə toplantısı da Azərbaycan Prezidentinin təşəbbüsü ilə də keçirilmişdi. Məhz BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi təklifi də bu siyasətin davamıdır. Prezident İlham Əliyev Qoşulamama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış edib. BMT nizamnaməsinə əsasən, quruma üzv ölkələrin çox hissəsi, yəni 97 ölkə bu və ya digər məsələnin müzakirəsi ilə bağlı xüsusi sessiyanın çağırılması təşəbbüsünü dəstəkləyərsə, o halda bu məsələnin reallaşması mümkündür. Qoyulmuş müddətin bitməsinə qədər 130 ölkə Azərbaycan Prezidentinin təşəbbüsünü dəstəkləyib və bu barədə Baş katibin ofisini məlumatlandırıb. Beləliklə, Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası keçiriləcəkdir. Təşəbbüsə qarşı çıxış edən yeganə dövlət isə Ermənistan olub.
Müşavirədə cari məsələlər də müzakirə olundu, müvafiq tövsiyyə və tapşırıqlar verildi.