“Ermənistanın məhz indiki şəraitdə, cəbhə bölgəsində deyil, Tovuz istiqamətində fəallaşması təsadüfi deyil. Mövcud hərbi-siyasi vəziyyətin təhlili göstərir ki, Ermənistanın aqressiv hərəkətləri bir neçə mühüm amillə şərtləndirilib”.

Unikal.org xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti, akademik Ramiz Mehdiyev son günlər Azərbaycan-Ermənistan sərhədində baş verənlərə münasibət bildirərkən deyib.

O bildirib ki, Ermənistan hər vəchlə erməni xalqının diqqətini daxildə yaranmış ağır siyasi və iqtisadi böhrandan yayındırmağa çalışmaqla, münaqişəni dövlət sərhədinə keçirib öz havadarlarının həm hərbi, həm də informasiya dəstəyindən açıq şəkildə istifadə etməkdən çəkinmir:

“Ermənistan tərəfinin bu təxribata xeyli müddətdir əsaslı şəkildə hazırlaşdığı açıq-aydın görünür. Bu hazırlıqlar həm diplomatiya və informasiya cəbhələrində, həm də hərb sahəsində koordinasiyalı şəkildə həyata keçirilmişdir. Son aylarda Ermənistan ordusunun Azərbaycanın Qərb rayonlarını intensiv şəkildə atəş altında saxlaması, erməni diplomatlarının bütün platformalarda ölkəmizi işğalçı kimi qələmə vermək istiqamətindəki ardıcıl cəhdləri deyilənlərin bariz sübutudur”.

R.Mehdiyev qeyd edib ki, Ermənilərin Karib hövzəsi və Latın Amerikası regionunda apardığı informasiya təbliğatı öz fəallığı ilə xüsusilə seçilməkdədir:

“Həmçinin erməni KİV-lərinin döyüşlər başlar-başlamaz informasiya məkanına əvvəlcədən hazırlayaraq buraxdıqları təxribat xarakterli məlumat və görüntülər də bu qənaəti təsdiq edir.

Son təcavüz aksiyasının gedişində ermənilərin qarşıya qoyduqları başlıca məqsəd Milli Ordumuzun Qərb bölgəsindəki real döyüş resurslarını, reaksiya imkanlarını üzə çıxarmaqdır. Bu məlumatlar gələcəkdə Qarabağ zonasında başlaya biləcək hər hansı irimiqyaslı döyüş əməliyyatlarının planlaşdırılması nöqteyi-nəzərindən ermənilər üçün həyati əhəmiyyət daşımaqdadır.

Bu təxribatın əsas siyasi məqsədlərindən biri də heç şübhəsiz ki, Azərbaycanın ictimai-siyasi nəbzini yoxlamaqdan ibarətdir. 

Qürur hissilə bildirmək istəyirəm ki, döyüşlər haqqında xəbərlərin yayıldığı ilk saatlardan etibarən Azərbaycan xalqı öz Silahlı Qüvvələrinin və Ali Baş Komandanının yanında olduğunu nümayiş etdirdi. Bu vəhdət hər bir Azərbaycan vətəndaşı kimi AMEA əməkdaşlarında da böyük iftixar hissi doğurmuşdur.

Erməni işğalçıları bilməlidirlər ki, Azərbaycan Prezidenti və xalqımız heç vaxt əzəli torpaqlarımızın itirilməsilə barışmayacaq. Qarabağ məsələsi siyasi baxışlarından asılı olmayaraq bütün azərbaycanlıların qanayan yarasıdır. Əminəm ki, ordumuzun qəhrəmanlığı, Prezident İlham Əliyevin qətiyyəti və xalqımızın iradəsi ermənilərə öz mənfur niyyətlərinə çatmağa imkan verməyəcəkdir.