Bu gün  Xarici İşlər naziri Elmar Məmmədyarov və İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq Naziri Luici Di Maio arasında telefon danışığı baş tutub.

XİN-in Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, nazir Elmar Məmmədyarov Ermənistan silahlı qüvvələrinin Azərbaycan və Ermənistan dövlət sərhədində hərbi təxribatının qarşısının alınması, bölgədə davam edən gərgin vəziyyət barədə məlumat verib. O, bölgədəki gərginliyin səbəbinin Ermənistanın təcavüzkar siyasəti olduğunu qeyd edib və işğalçı qüvvələrin Azərbaycanın Dağlıq Qarabağ və ətraf 7 rayonundan çıxarılmasının zəruri olduğunu vurğulayıb.

Nazir Elmar Məmmədyarov Ermənistanın son hərbi təxribatı da daxil olmaqla, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı İtaliyanın sərgilədiyi mövqeyə, Azərbaycanın ərazi bütövlüyünə dəstəyini və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığını hər zaman vurğuladığına görə təşəkkürünü ifadə edib.