“Düşmənin ərazilərimizi atəşə tutduğu bir vaxtda hamımız həmrəylik nümayiş etdirərək dövlət başçısının ətrafında birləşməliyik!”

Bunu Unikal.org-a açıqlamasında millət vəkili Əliabbas Salahzadə bildirib.Millət vəkili qeyd edib ki, Ermənistanın son təcavüzkar addımları Azərbaycanda milli birlik və həmrəyliyini daha da gücləndirdi:

“Minlərlə insan paytaxtımızın müxtəlif ərazilərində Azərbaycan ordusuna, Ali Baş Komandana, dövlətə dəstəyini ifadə edərək əllərində Azərbaycan bayrağı, ölkəmizin himnini oxuyaraq “Qarabağ!”, “Orduya dəstək!” “Ali Baş Komandan, silah ver bizə!”, ”İrəli, irəli, Azərbaycan əsgəri!”, ”Şəhidlər ölməz, vətən bölünməz!” şüarları səsləndirdi. Dəstək aksiyaları Xırdalanda, Sumqayıtda və ölkəmizin digər böyük şəhərlərində də keçirildi.Bu onu göstərir ki, Azərbaycan xalqının döyüş ruhu yüksəkdir. Xalq-Ordu vəhdəti sarsılmazdır. Xalq dövlət başçısının siyasətini dəstəkləyir. 

Millət vəkili əlavə edib ki, orduya dəstək aksiyasında bir qrup insan vəziyyətdən başqa məqsədlər üçün istifadə etməyə çalışdı.Millət vəkilinin sözlərinə görə, həmin şəxslərin məqsədi ölkədəki asayişi və sabitliyi pozmaqdan ibarət idi:

“Amma təəssüf ki, gecə saatlarında yürüşün sonunda təəssüf doğuran hadisələr baş verdi. Təxribatçı qüvvələr tərəfindən məqsədli şəkildə prosesə siyasi məzmun verməyə, pozuculuq fəaliyyətinə cəhdlər göstərildi. Milli Məclisin binasına zorla girərək vandallıq törədilməsi, polislərə qarşı zor tətbiq olunması ilk növbədə vətəndaşlıq mövqeyinə ziddir, bu, eyni zamanda qanunlara hörmətsizlikdir.

Baş verənlərin təhlili xarici qüvvələrin proseslərdən ölkəni qarışdırmaq üçün maksimum istifadə etməyə çalışdığını göstərdi. Mən əminəm ki, xalqımız bu vəziyyətdə şəxsi mənafelərini düşünüb, düşmən dəyirmanına su tökənlərə layiqli cavabını verəcək. Bu günlər hər birimiz məsuliyyətlə davranmalı, nizam-intizama riayət etməli, cəmiyyətimizdəki mövcud təhlükəsizliyi və sabitliyi qoruyub saxlamalıyıq”.

Millət vəkili son günlər Ermənistan-Azərbaycan sərhəddində baş verən hadisəyə də münasibət bildirib.Ə.Salahzadə qeyd edib ki, Azərbaycan ordusu növbəti dəfə düşmənə öz gücünü göstərdi:

“Cənab Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında qeyd etdi ki, Ermənistan qüvvələri bir santimetr belə Azərbaycan torpağına girə bilməmişlər və heç vaxt buna nail olmayacaqlar. Əksinə, əgər biz istəsəydik, bu gün Ermənistanın o ərazisində torpaqların böyük hissəsi nəzarətimizə keçə bilərdi. Ancaq bizim qarşımızda belə məqsəd dayanmır-deyə prezident çıxışında bildirdi.Doğrudan da bu gün bütün Azərbaycan xalqı öz ordusunun gücünə inanır, Ali Baş Komandanın qərarlarına hörmətlə yanaşır.Düşmən də bizim ordununun gücünə bələdir.İnanırıq ki, Lələtəpədə dalğalanan şanlı Azərbaycan bayrağı tezliklə Şuşada, Xankəndində dalğalanacaq”.

Hüseyn İsgəndərov